Son günlərdə ölkədə unun qiyməti bahalaşıb.
Belə ki, 50 kiloqramlıq un kisələrində təxminən 1 manat artım olub. Sözügedən artıma nəyin səbəb olduğu isə bilinmir. Əfsuslar olsun ki, unun bahalaşmasının ardından çörəyin də qiymətində artım ola biləcəyi ehtimal olunmağa başlayıb. Bu isə vətəndaşları düşündürür...
Ümumiyyətlə, unun qiymətinin bahalaşmasına səbəb nədir? Bu, çörəyin də qiymətinin artmasına gətirib çıxara bilər?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, əslində buğda qiymətlərində ötən ay ucuzlaşma qeydə alınıb:
"Dənli bitkilər indeksi ümumi ərzaq qiymətləri indeksinin alt komponentidir. Həmin indeks 23 sentyabrda 1% artıb. Amma bu artımın səbəbi buğda qiymətlərinin bahalaşması ilə bağlı deyil. Buğda qiymətləri sentyabr ayında 1,6% ucuzlaşıb. Bu, Rusiyanın istehsal həcminin kifayət qədər yüksək olması səbəbindəndir. Yəni Rusiyada taxıl həddindən artıq məhsuldardır, amma satmağa yer yoxdur. Bu da taxıl qiymətlərin cari ilin sentyabr ayında 1,6% aşağı salıb".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan buğdanı əsasən Rusiyadan alır:
"Daxili bazarda buğdanın qiymətinin bahalaşması müvəqqəti xarakter daşıyır. Bu artıma səbəb daşıma qiymətləri ola bilər. Biz əsasən Rusiyadan buğda idxal edirik, orada və dünyada isə sentyabr ayında buğda qiymətlərində ciddi artım yoxdur, hətta azalma var. Deməli, biz də bu ucuzlaşmanı hiss edəcəyik. Ümumiyyətlə, bu, müvəqqəti qiymət dəyişikliyidir. Taxıl və un qiymətləri dövlətin diqqətində olduğuna görə, sahibkarın bundan sui-istifadə və manipulyasiya imkanları da o qədər geniş deyil".
Xalid Kərimli hesab edir ki, unun qiymətinin bahalaşması çörək qiymətlərinə təsir etməyəcək:
"Onsuz da taxıl qiymətləri son 1,5 ildə ucuzlaşıb. Yəni keçən ilin iyun ayından ucuzlaşma gedir. Bu il iyul ayında buğda qiymətlərində 2,6 faizlik yüngülvari bahalaşma qeydə alındı. Buna baxmayaraq, avqust və sentyabr ayında buğda qiymətlərində müəyyən azalmalar oldu.
"Taxıl sazişi"nin dayanmasından sonra un qiymətlərində ciddi artım olacağı ilə bağlı narahatçılıq var idi. Amma bu, son 2 ayda özünü doğrultmadı. Ona görə də nə unun qiymətinin bundan sonra bahalaşacağını, nə də çörək qiymətlərinin qalxacağını gözləyirəm. Yəni un qiymətlərinin 3-4% qalxmasının çörək qiymətlərinə heç bir təsiri olmayacaq".
Pərviz