Süni şəkildə bazarlarda məhsulun qiymətinin ucuzlaşmasına və ya bahalaşmasına gətirib çıxaran və bundan öz maraqları üçün istifadə edən şəxslərə manipulyator hərəkətə isə manipulyasiya deyilir.
Azərbaycanda qiymət manipulyasiyasına yol verən bazar subyektlərinə qarşı nəzarət və yoxlama tədbirləri artıq gücləndiriləcək. “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclasında bununla bağlı olaraq məlumat verilib.
Bəs bu, bazarda qiymətləri dəyişdirəcəkmi?
İqtisadiyyatçı Akif Nəsirli Hit.az-açıqlamasında bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı modeli on illiklərdir tətbiq olunur:
"Bazar iqtisadiyyatı şəraitində isə qiymətlər azaddır, sahibkar öz məhsuluna qiyməti qoymaqda azaddır. Digər tərəfdən iqtisadiyyatda inhisarçılığın aradan qaldırılmasında dövlət yüklümlüdür. Yəni, dövlətin öhdəliyi ondan ibarətdir ki, inhisarçılığa imkan verməsin, inhisarçılğı aradan qaldırsın, ona qarşı mübarizə aparsın, rəqabət mühitini ədalətli şəkildə qorusun. Belə olan halda sahibkar qiymət qoymaqda azad olanda, inhisarçılığa gedən yolu kəsiləndə sahibkar müştəri uğrunda qiyməti aşağı salır, xidmətinin keyfiyyətini yüksəldir. Bu şəraitdə qiymətlərin bahalaşmasını müşahidə etmək mümkün deyil. Qıtlıqdan asılı olaraq bəzən qısa müddətli artım ola bilər. Amma bazar iqtisdiyyatı elə modeldir ki, o istiqamət qısa müddətdə inkişaf edir, qıtlığı aradan qaldırır, qiymətlər yenidən tarazlaşır".
"Onun sözlərinə görə, bu mexanizm davamlı təsirə malik olmayacaq:
"Azərbaycan hökuməti iqtisadiyyatda inhisarçılığı aradan qaldıra bilmədiyi üçün müəyyən vasitələrlə qiymətlərə nəzarət etmək istəyir. Deyək ki, sahibkar almanı maya dəyərindən 2 dəfə baha satır. Bu işçi qrupu ona nə deyəcək? Deyəcək ki, əmlakı sən satırsan, qiyməti mən qoyuram? Axı bazar iqtisadiyyatında qiymət qoymaq yoxdur. Yalnız qısa müddətlik hansısa sahibkara təzyiq edib qiymətləri aşağı salmaq mümkündür. İnhisarçılıq olduğu üçün tələb və ya xahiş oluna bilər ki, qiymətləri aşağı salsınlar. Onlar da qısa müddətə qiyməti aşağı salacaqlar. Nəzarət isə ömürboyu gedən deyil".
O bazardakı qiymətləri ucuzlaşdırmağın eəbəblərini də deyib:
"Qiyməti ucuzlaşdırmağın ən yaxşı yolu budur ki, rəqabət mühiti lazımdır, hökumət istehsalı stimullaşdırmalıdır ki, məhsul bolluğu yaransın. Bu iki məsələ Azərbaycanda qiymətlərin sabitləşməsinə, ədalətli xidmət qiymətinin formalaşmasında əsas amil kimi çıxış edə bilər. İndiki şəraitdə qiymətə nəzarət etməklə heç nə edə bilməyəcəklər".
Aynur Əli