AQTA ilə \"Ertagro\" arasında dava: 18 ton viruslu limon əhaliyə necə satılıb?

20:45 / 13.10.2023
436

"Ertagro" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyədən idxal edilən 18840 kq limon, 2448 kq portağal, 963 kq qreypfurt məhsulunda "Citrus tristeza virus" (Sitrus tristeza virusu) aşkarlansa da, satışı həyata keçirilib. 

Qaynarinfo-nun məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Regional Bölməsinin 11 avqust 2023-cü il tarixlə qərarı ilə "ERT AGRO" MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsilə 4000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilib. 

"ERT AGRO" MMC-nin qanuni təmsilçisi Quliyev Məmmədəli Musa oğlu AQTA-nın qərarından məhkəməyə şikayət verib. Şirkətin direktoru hadisəyə görə AQTA-nı günahlandırıb: 

"AQTA-nın Qida Fitosanitar Labaratoriyası tərəfindən verilmiş sınaq protokollarına baxış keçirilərkən onlar tərəfindən olunan müraciət tarixləri ilə sınağın bitdiyi və protokolun təsdiq tarixləri, həmçinin həmin nəticələr əsasında qərarın çıxarılaraq onlara təqdim edilməsi orta hesabla 15 gün çəkib. Həmin tarixdə məhsulları havanın isti keçdiyi günlərdə (iyun-avqust ayları) saxlaya bilməzdik. Həmçinin bizə gec cavab daxil olduğu üçün məhsulların xarab olmasını gözləmədən, artıq labaratoriya nəticələrinin müsbət olduğunu düşünərək satışınınə həyata keçirmişik".

Sahibkar hesab bildirib ki, bu da onların deyil, AQTA-nın günahı səbəbindən baş verib və tərtib olunan protokol əsassızdır. 

AQTA-nın Bakı Regional Bölməsinin nümayəndəsi isə sahibkarın açıqlamasının əsassız olduğunu bildirib. 

Məhkəmə MMC-nin direktoru barəsində qəbul edilən 11 avqust 2023-cü il tarixli protokolu dəyişdirmədən saxlayıb.

0