Ehtiyat fondlarından 9 ayda 365 milyon manat ayrılıb

İQTİSADİYYAT
12:53 / 14.10.2023
457

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 365,3 milyon manat (269,4 milyon manatı Prezidentin ehtiyat fondundan, 95,9 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb.

HİT.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ayrılmış vəsaitin 205,7 milyon manatı maliyyələşdirilib.

Hesabat dövründə dövlət başçısının ehtiyat fondundan ayrılmış vəsait ölkə ərazisində bir sıra avtomobil yollarının tikintisi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və həyatını itirmiş şəxslərin ailə üzvlərinə müalicə və psixoloji dəstək xərcləri, İkinci dünya müharibəsində iştirakla bağlı birdəfəlik maliyyə yardımları, habelə beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili məqsədi ilə istifadə olunub.

Dövlət büdcəsinin ehtiyat fondundan Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yardımların daşınması və xilasetmə əməliyyatlarında iştirak xərcləri, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı"nın formalaşdırılması, Bakı və Gəncə şəhərlərində “Təhlükəsiz şəhər” sisteminin əhatə dairəsinin genişləndirilməsi, videonəzarət vasitələri olmayan ərazilərin kameralaşdırılmasının sürətləndirilməsi, süni intellekt əsaslı videoanalitika sistemlərinin yaradılması və bir sıra digər istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi həyata keçirilib.

0