"Star-M" Mənzil Tikinti Kooperativi və eyni zamanda "Şanş" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun vergi işi ilə bağlı məsələyə baxılıb.
Qaynarinfo-nun məlumatına görə, Məhərrəm Məhərrəmov "Şans" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində tikilmiş çoxmərtəbəli yaşayış binasında mənzillərin satışından əldə olunmuş vəsaitlərindən vergiləri ödəməli olduğu halda, "Sosial sığorta haqqında qanun"un 1, 2, 6, 9-1,12, 14-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməsinə baxmayaraq, xüsusilə külli miqdar təşkil edən 669359,19 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini, 4044.77 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və 160.93 manat məbləğində işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayınıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilib. Məlum olub ki, məhkəmə keçirilən günədək hazırda həbsdə olan Məhərrəm Məhərrəmovun yaxınları onun adına olan 669359,19 manat borcu tam ödəyiblər.
Məhkəmə Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq etməklə Məhərrəm Məhərrəmovun həmin Məcəllənin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edib və icraata xitam verib.
Qeyd edək ki, Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsini mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində vəsaitin ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında bu ilin iyul ayında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.