Bəzən səkilərin müxtəlif iaşə obyektləri tərəfindən zəbt edildiyini görürük.
Daha doğrusu, sözügedən məkanlara gələnlər avtomobillərini səkilərdə saxlayırlar. Üstəlik, həmin yerlərdə avtomobillərə nəzarət edən şəxs də olur, hələ bir yerə dayanma üçün xətlər də çəkilir. Bunu paytaxtın müxtəlif yerlərində görmək mümkündür. Bu isə piyadaların səki əvəzinə, avtomobil yolu ilə getməyinə səbəb olur. Çünki hərəkət üçün başqa variant qalmır.
Bəs səkilərin zəbt edilməsini önləmək üçün nələr edilməlidir?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hazırda paytaxtda piyada infrastrukturu çox bərbad haldadır:
"Demək olar ki, hər yerdə səkilər zəbt olunur. Sözügedən səkilərin təftiş olunaraq, piyadaların ixtiyarına verilməsi üçün işlər görülməlidir. Düşünürəm ki, bununla bağlı cərimələrin də artırılmasına ehtiyac var. Çünki fərqli problem ortaya çıxır.
Səkilərin davamlılığının olmaması da əsas problemlərdən biridir. Həmçinin, mövcud geniş səkinin ortasında köşkün və onun yanına soyuducuların da qoyulması, habelə reklam şitlərinin hərəkət istiqamətində yerləşdirilməsi də problemdir".
Ekspert vurğulayıb ki, həm qanunlarda, həm də standartlarımızda yenilənməyə ehtiyac var:
"Səkinin hansı hissəsində ağacların və yol nişanların qoyulması müəyyən olunmalıdır. Həmçinin, bufer zona və tranzit zonalar müəyyənləşdirilməlidir. Tranzit zonaların eni insanların rahat hərəkət etməsi ən azı 2 metr olmalıdır.
Bununla yanaşı, küçələrin kənarında yerləşən obyektlər də bu bufer zonanı keçməməlidir. Bu da standartlarımızda yenilənməyə ehtiyac olduğunu göstərir. Hesab edirəm ki, bu ölçülərin yerində müəyyənləşməsi üçün küçəboyu təftişlərə ehtiyac var. Mövcud vəziyyətin nə yerdə olduğu öyrənilməlidir".
Rauf Ağamirzəyev qeyd edib ki, səkilərin zəbt olunmaması üçün dünyanın bir çox şəhərlərində tumbalardan istifadə olunur:
"Bununla da fiziki olaraq səkinin zəbt olunmasının qarşısını alır. Həmçinin, bəzi məhəllə girişləri səkinin səviyyəsinə qaldırılır. Bu da təhlükəsizlik baxımından önəmlidir ki, maşınlar sürətlə daxil olmurlar və sürücülər daha diqqətli davranırlar. Bununla yanaşı, iki zolaqdan artıq yollarda təhlükəsizlik adacıqlarının qurulması piyadaların hərəkətini yaxşılaşdırmaqla yanaşı, həm də küçəboyu təhlükəsizlik hərəkətini təmin etmiş olur".
Pərviz