"Kredit İttifaqlarına mənfəətlə işləmək sərf etmir" - Vergidən yayınmaq üçün...

İQTİSADİYYAT
19:31 / 25.10.2023
519

"Azərbaycanda mənfəətlə işləyən kredit ittifaqı tanımıram".

Bu sözləri Hit.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O, kredit ittifaqlarının zərərlə işləməsini belə izah edib:

"Kredit İttifaqlarının məqsədi odur ki, öz üzvlərinə kredit verirlər. Onlara da mənfəətlə işləmək sərf etmir. Çünki vergi olacaq. Ona görə də süni yolla zərərə çıxırlar ki, vergi verməsinlər. Zərər də necə meydana çıxır? Guya kimsə kreditini vaxtında ya heç qaytarmır, ya da kredit batır. Yəni, Azərbaycanda Kredit İttifaqları bir qayda olaraq qeyri-ciddi təşkilatlardır. Onlara mübasibət də belədir".

Qeyd edək ki, Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,3 milyon manat xalis zərərlə başa vurub.

Bu, ötən ilin eyni dövrünə nisbətən 6 dəfə çoxdur.

Yanvar-sentyabr aylarında kredit ittifaqlarının gəlirləri 1,7 milyon manat (illik müqayisədə 5,6 % az), xərcləri 1 milyon manat (11,8 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon manat (10,5 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 13,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2 % azdır. Bunun 11,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,3 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20 % azalaraq 3,6 milyon manata düşüb, balans kapitalı isə 3,1 % artaraq 10,1 milyon manata çatıb.

Aynur Əli

0