Azərbaycan nefti yenidən ucuzlaşıb.
Belə ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,07 ABŞ dolları, yaxud 0,08 % azalaraq 91,15 ABŞ dolları təşkil edib.
Maraqlıdır, neft qiymətləri il sonuna qədər rekord səviyyədə ucuzlaşa bilərmi?
İqtisadiyyatçı Razi Abbasbəyli Hit.az-a açıqlamasında bildirib ki, il sonuna qədər qiymətlər artacaq:
"Hesab edirəm ki, bu, keçicidir. Ötən həftə Londan birjasının qiymətlərində ciddi bir dəyişiklik baş verməmişdi. Dünya birjalarında təxminən, 1,5, 2 faizlik tərəddüdlər mövcuddur. İsrail və Fələstin arasındakı müharibədən sonra neftin qiymətinin bir az daha yüksələcəyi ehtimalları var. Amma bu ehtimallar hələlik özünü doğrultmayıb. İranın həm İslam, həm ərəb ölkələrinə "İsrailə neft satmayın",-deyə bir çağırışı var idi. Bu da birjalara müəyyən qədər təsir edə bilər. Azərbaycan neftinin isə yüksələcəyini düşünürəm. Xüsusilə də, əsas neft daşıyıcısı olan İsrail ərazisində savaşın getməsi, dünya sularında neft daşınan limanların İsrailin iştirakı ilə həyata keçirilməsi neftə olan tələbatı artırır və bu da öz növbəsində neftin qiymətinin bahalaşmasına səbəb olacaq. Bu baxımdan, Azərbaycan neftinin qiyməti qalxacaq. Ən azı, 2 aylıq qarşıdakı dövr üçün ucuzlaşmayacaq. Bu, Azərbaycanın əlavə gəlirlərinin artmasına səbəb olacaq".
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Aynur Əli