Azərbaycanda inflyasiyanın sürəti azalıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirib ki, ölkəmizdə illik inflyasiyanın sürəti sentyabrdakı 5,1 faizdən oktyabrda 3,9 faizə düşüb. İllik inflyasiyanın tempi isə avqustda 8 faizdən sentyabrda 5,1%-ə düşmüşdü.
Maraqlıdır, inflyasiya sürətinin azalmasına təsir edən əsas amillər nələr oldu?
İqtisadçı ekspert Xalid Kərimli HİT.az-a açıqlamasında bildirib ki, orta illik inflyasiya 10,9 faizdən 10,2 faizə düşüb:
"Bizim hiss etdiyimiz inflyasiya budur. Bu o deməkdir ki, il ərzində aldığımız məhsullara ortalama ötən illə müqayisədə 10,2% daha çox pul xərcləmişik. 5,1 faizlik inflyasiyanın 3,9 faizə düşməsi isə sadəcə bu ilin oktyabrı ilə ötən ilin eyni dövrünün müqayisəsidir.
Əksinə, 2023-cü ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə qiymətlər 0,4% bahalaşıb. Yəni oktyabrda ötən aya nisbətən bahalaşma var. Demək olar ki, bütün məhsullarda bahalaşma qeydə alınıb. Gələn il də qiymətlər artacaq, amma daha zəif sürətlə artacaq. Ümumiyyətlə, inflyasiyanın aşağı düşməsi qiymətlərin ucuzlaşması deyil. Əslində bu, qiymət artımının sürətinin aşağı düşməsidir".
Ekspert inflyasiya sürətinin aşağı düşməsinin səbəblərini isə bu cür izah edib:
"İnflyasiyanın sürətinin aşağı düşməsinin başında dünya ərzaq qiymətlərinin ucuzlaşması dayanır. Hətta cari ildə dünya ərzaq bazarında 15-20% ucuzlaşma müşahidə edilir. Bu, Azərbaycanda da tədricən hiss olunur. Yəni bazarlarda keçən il və ya ondan öncəki kimi sürətli qiymət artımları yoxdur. Həmçinin, daşıma qiymətləri də kəskin aşağı düşüb. Bu iki amil inflyasiyanın sürətinin azalmasına gətirib çıxarıb".
Pərviz