Son zamanlar yatırımını qızıla edənlərin sayı daha çoxdu.
Əvvəllər insanlar əgər pulları banklara qoyur və ya dollar şəklində "yastıq altında" saxlayırdılarsa, son zamanlar dünyada baş verən qlobal böhran insanlarda inamsızlıq yaradıb.
Bu gün bir çox insan öz pulunu qızıl şəklində saxlamağa üstünlük verir. Ancaq təəssüf ki, bu gün bazarda saxta qızıl satışına rast gəlirik.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az -a bildirib ki, Azərbaycanın əmtəə bazarının ən çox çirklənmiş seqmentlərindən biri qiymətli metallar, daş-qaş və qızıl məmulatları bazarıdır:
“Qızıl bazarına nəzarət edən Əyar Palatası 5 il əvvəl ləğv olundu. Əvəzində isə heç bir qurum yaradılmadı. Halbuki həmin palata ölkəmizə gətirilən qızıl məmulatlarını yoxlayırdı, keyfiyyəti standartlara cavab verdiyi təqdirdə isə məhsulun üzərinə öz möhürünü vururdu. Biz də əhali ilə iş aparırdıq ki, aldığınız qızıl məmulatlarının üzərində palatanın möhürünün olmasına fikir verin. Əgər məmulatın üzərində möhür var idisə, deməli qızıl keyfiyyətli idi. Təəssüf ki, hazırda qızıl bazarına heç bir nəzarət mexanizmi yoxdur. Ona görə də bu sahədə hazırda çox böyük problem yaşanır. Eləcə də Nazirlər Kabinetinin 1998-ci il 24 may tarixli 114 saylı qərarına görə, qızıl və qızıl məmulatları və qiymətli daşlar Azərbaycan ərazisindəki pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil edilib. Bu qərarda o da qeyd edilib ki, satıcılar qızıl məmulatlarını geri qaytarmaya və dəyişdirməyə bilərlər. Baxmayaraq ki, bu qərar daha çox qızıl satışı ilə məşğul olanların marağına xidmət edir. İstehlakçınınsa hüququ kobud şəkildə pozulur. Hazırda qızıl bazarına heç bir nəzarət yoxdur. Ona görə də ən qısa zamanda bu məsələ ilə bağlı hökumət ortaya mövqe qoymalıdır. Çünki ölkənin əmtəə bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli qızıl var”.
Sevinc