Son zamanlarda ölkəmizdə pensiya yaşı ilə bağlı müzakirələr daha da aktuallaşıb.
Hətta yenidən pensiya yaşının artırılma ehtimalları səsləndirilir. Vətəndaşlar isə əksinə olaraq pensiya yaşının azaldılmasını istəyirlər.
Ümumiyyətlə, mövcud vəziyyətdə Azərbaycan pensiya yaşı neçə olmalıdır?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, hazırda Azərbaycanda pensiya yaşı 65 nəzərdə tutulub:
"Gürcüstanda da pensiya yaşı 65 yaşdır. Bu, post-sovet məkanında ən yüksək pensiya yaş həddidir. Belə ki, rəqəmlərə baxsaq, Ukrayna və Özbəkistanda 60 yaş, Rusiyada 61,5 yaş, Türkmənistanda 62 yaş, Ermənistan, Qazaxıstan, Tacikistan, Moldova və Belarusda 63 yaş, Estoniya, Latviya və Litvada isə 64,5 yaşdır".
Ekspert qeyd edib ki, hazırda pensiya yaş həddini bundan çox yüksəltmək üçün ciddi əsaslandırmalar olmalıdır: "Pensiya yaş həddinin çox yüksək olduğu ölkələr əsasən yüksək inkişaf etmiş iqtisadiyyatları, əhalinin uzunömürlülüyü və əmək ehtiyatlarının azlığı ilə seçilirlər. Hesab edirəm ki, Azərbaycanda hazırkı 65 yaş həddini daha da yüksəltmək üçün ciddi bir əsas yoxdur".
Pərviz