Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsi ilə bağlı statistikalar məlum olub.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, sözügedən dövrdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarına sərf olunub.
Maraqlıdır, əhalinin ən çox ərzağa pul xərcləməsi nə ilə bağlıdır?
İqtisadi Resursların Öyrənilməsi Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev HİT.az-a açıqlamasında bildirib ki, Azərbaycan əhalisinin gəlirlərinin yarıdan çoxu ərzaq məhsullarına xərclənir:
"Bu statistika uzun illərdir ki, belə davam edir. Düşünürəm ki, bunu bir sıra istiqamətlərlə əlaqələndirmək olar. Əslində illər üzrə əməkhaqlarında nominal artımla bağlı illər üzrə dəyişiklər olsa da, real əməkhaqlarında artım cüzidir. Real əməkhaqqı dedikdə isə əhalinin həmin vəsaitlə bazarda nə qədər öz ehtiyaclarını qarşılaya və istehlak edə bildiyi nəzərdə tutulur.
Ümumiyyətlə, əhalinin ən çox ərzağa pul xərcləməsi istehlak bazarındakı qiymət artımı ilə bağlıdır. Yəni həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında qiymət artımları baş verir. İstər-istəməz əməkhaqqının artmasına baxmayaraq, ərzaq məhsullarına olan xərclər öz payını qoruyub saxlamış olur".
Həmsöhbətimiz xərclərin bölgüsünə də nəzər salıb:
"Xərclərin bölgülərinə baxanda yarıdan çoxunun ərzaq məhsulları, geri qalanının isə tibbi ehtiyaclar, mədəniyyət, istirahət, kommunal və təhsil üçün olan xərcləri görürük. Normalda isə mədəniyyət, tibbi və təhsil xərcləri yüksək olması isə həmin əhalinin gəlirlərinin də yüksək olması deməkdir. Üstəlik, elə olanda əhalinin gələcəklə bağlı qoyuluşları daha da artar".
Pərviz