Bank kartlarından pullar necə oğurlanır?

İQTİSADİYYAT
23:08 / 29.11.2023
470

Azərbaycanda bank hesablarından pul oğurluğu adi hal alıb.

Bu dələduzluq növü ilə baş verən cinayət hadisələrinin sayı hər keçən gün daha da artır.

Xüsusilə də, fırıldaqçılar hər dəfə yeni üsullardan istifadə edirlər. Artıq dələduzlar daha çox bank kartlarını yox, bankların mobil tətbiqlərini oğurlayırlar. 

Bəs bank kartlarımızı dələduzlardan necə qoruyaq? 

Nəzərə alsaq ki, hər bir bankın təhlükəsizlik sistemi var. Bu cür problemlərin sayı niyə hər gün daha da artır?
Bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Hit.az-a şərhində bildirib ki, ya bankların tətbiq sistemləri, informasiya proqramı qüsurludur, ya da hakerlər üçün tətbiqə daxil olmaq, orada müəyyən əməliyyatlar aparmaq böyük problem deyil:

“Bu da o deməkdir ki, bankın tətbiqi çox da keyfiyyətli deyil. Proqram təminatları dünyada müxtəlifdir. Nə qədər ucuzdursa, bir o qədər də zəifdir. Ola bilsin ki, bank xəsislik edib və tətbiqin təhlükəsizliyi üçün çox pul xərcləməyib. Yaxud da, sadəcə o işi görən yaxşı icra etməyib”.

Ə.Həsənov söyləyib ki, hətta bank mütəxəssisləri ekspert kimi bankların proqramını yerində yoxlamaq səlahiyyətinə sahib deyil: 

“Burada banklara nəzarəti həyata keçirən Mərkəzi Bankın üzərinə iş düşür. Bankların sistemlərinə dair müəyyən tələblər olmalıdır. Mərkəzi Bank həmin tələblərə riayət olunub-olunmamasına vaxtaşırı nəzarət etməlidir. MK-da bank nəzarəti üzrə yeni rəhbərliyin siyasəti odur ki, bu məsələlər üzərində ciddi nəzarət və dəyişiklik olacaq”.

Sevinc

0