Qadın qətlləri niyə artır?

İQTİSADİYYAT
21:29 / 29.11.2023
391

Hər günü qadın qətlləri ilə açırıq. Birisi həyat yoldaşı, birisi qardaşı, birisi keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilir.

Bu qətllərin arxa planında isə ata-anasız qalan kiçik yaşlı körpələr olur.

Bu qətllərə səbəb nədir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, qadın qətlləri və qadına qarşı şiddət hadisələrinin son dövrlər artmasının səbəbi insanlarda aqressiya əlamətlərin çoxalması ilə bağlıdır:

“İctimaiyyətə məlum olmayan davamlı şəkildə ailədaxili şiddətdən əziyyət çəkən milyonlarla qadın var. Bu qadınlar həyat yoldaşları, sevgililəri, ailə üzvləri tərəfindən fiziki, psixoloji təzyiqlərə məruz qalsalar da, bunu dili gətirməyə çəkinirlər. Bu böyük fəlakətdir. Əzilmiş qadınların böyütdüyü oğlan övladı gələcəkdə qadını əzən olacaq”.

Sosioloqun sözlərinə görə bəzən qadınlar zorakılıqla, təhdidlə üzləşəndə hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinir. Çünki yaxınları, ailə üzvləri haqda şikayət etmənin doğru olmadığını düşünür. Və yaxud cəmiyyət tərəfindən buna görə qınanılmaqdan çəkinir:

“Bəzisi isə üzləşdiyi təhdid və yaxud zorakılıq haqda polisə müraciət edəndə, polis bu məsələni ciddiyə almır, etinasız yanaşır. Halbuki bütün müraciətlərin motivi öyrənilməlidir. Çünki bəzən bu etinasız yanaşma qətl hadisəsinə gətirib çıxara bilir. Ona görə də yaxşı olardı ki, hətta xəsarət olmasa belə, qadın təhdidlə, zorakılıqla üzləşibsə, polis bu müraciətə çevik reaksiya verməlidir. Bu, təkcə dövlətin, hüquq-mühafizə orqanlarının üzərinə düşən məsələ deyil. Cəmiyyət də qadınlara qarşı edilən zorakılığa laqeyd yanaşmamalı, ictimai qınaq artırılmalıdır".

Sevinc

0