Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsinə nail olmaq, yəni dövlət büdcəsinin qeyd olunan sahədən asılılığının minumum həddə endirilməsi, bu gün bizim qarşımızda duran əsas prioritet məsələlərdən biridir.
Qeyri-neft sektorunun özəlliklərindən biri odur ki, çoxlu sahələri var və həmin sahələrin də hər birinin inkişafı üçün ölkədə güclü xammal bazasının olması tələb edilmir.
Mebel istehsalı və satışı məhz belə sahələrdəndir. Mebel və ümumiyyətlə, bunun kimi digər məişət əşyaları ən çox tələb olunan məhsullar sırasındadır. Odur ki, ölkəmizin istər paytaxtı Bakı şəhərində, istərsə də rayon mərkəzlərində hər addımdan bir mebel satış salonlarına rast gəlinir. Bu, o deməkdir ki, mebel çox gözəl biznes sahəsidir.
Hazırda ölkədə minlərlə böyük və kiçik mebel istehsalçısı var. Ancaq yerli istehsalın qiyməti, idxal olunan məhsullarla müqayisədə çox bahadır. Bu səbəbdən də alıcılar xarici mebellərə üstünlük verir.
İqtisadçı Xalid Kərimli Hit az-a şərhində bildirib ki, mebel sənayesində qiymətlərin bahalaşması 2020-ci ildən başlayıb:
“Əsas səbəb xammalın bahalaşması idi. Xammal əsas 4 istiqamətdən gətirilir: Rusiya-Belarus, Türkiyə, İran, Çin. Dünyada baş verən proseslər bu bazarlara ciddi təsir göstərdi. Xüsusən də pandemiyadan sonra tələbin kəskin artması, inflyasiya bu sahədəki məhsul və xidmətləri kəskin bahalaşdırdı. Materialların qiyməti ucuzlaşsa da, daşınma xərcləri artdı. 2021-ci ildən 2022-ci ilin əvvəllərinə qədər mebel sənayesində geniş istifadə olunan materiallardan MDF və DSP-nin qiymətində 2 dəfə bahalaşma var idi. Sonradan Rusiyaya, Belarusa tətbiq edilən sanksiyalar oradan gələn materialların qiymətini bir qədər aşağı saldı. Amma eyni zamanda logistika ilə əlaqədar xərclər artdı, daşınmanın qiyməti bahalaşdı. Vaqonlar ərzaq, strateji məsələlərə görə müharibə zonasına cəlb olundu, vaqon tapmaq müşkülə çevrildi”.
Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycanda mebel sahəsində ciddi rəqabət var. Buna baxmayaraq, bu sahədə bəzi problemlər var:
"Azərbaycanın meşə sənayesi inkişaf etməyib, xammal xaricdən idxal olunur. Parça, aksesuar və digər lazım olan avadanlıqların hər biri xaricdən gəlir. Bu səbəbdən də Azərbaycanda istehsal olunan mebelin qiyməti ucuz ola bilməz. Çünki Azərbaycanın mebel sənayesi idxaldan asılıdır.
Sevinc