Azərbaycanda quru sərhədləri 2020-ci ilin martından bəri bağlıdır.
Həmin vaxt bu tədbirin COVID-19 pademiyasının fəsadlarının qarşısını almaq üçün həyata keçirildiyini açıqlanmışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 5-də COVID-19 pandemiyasına rəsmi olaraq başa çatdığını açıqladı. Azərbaycanda isə xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb.
İqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a şərhində bildirib ki, Azərbaycanda karantin rejiminin uzadılması, quru sərhədlərin bağlı qalması xəstəliklərlə bağlı deyil:
"Dünya ölkələri pandemiya ilə bağlı quru sərhədləri çoxdan açıb və karantin qaydaları ləğv olunub. Bir tək Azərbaycanda karantin uzadıla-uzadıla gedir. Quru sərhədlərin bağlı qalması xoş bir mənzərə deyil".
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına da təsir edir:
"Quru sərhədlərin bağlı qalması sərhədyanı ticarətə də təsir göstərir. Həmçinin, turizm sektoru da karantin rejiminin uzadılmasından əziyyət çəkir. Açığı, karantin rejiminin uzadılmasını gözləyirdim. Ola bilsin ki, Novruz bayramında sonra karantin rejimi tam olaraq ləğv olunar".
Ekspertin sözlərinə görə, 2 aprel tarixindən sonra karantin rejimi ləğv oluna bilər.
Sevinc