Eyyub Hüseynov: “Marketlər insanların verdiyi pulla özlərini reklam edir”

İQTİSADİYYAT
17:10 / 12.12.2023
419

Məlum olduğu kimi, bu il fevralın 15-dən marketlərdə alış-veriş zamanı polietilen torbalar üçün ayrıca ödəniş tələb olunur. 

Belə ki, kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. 

İlk baxışdan 3-5 qəpik ödəniş cüzi görünə bilər. 

Məlumdur ki, marketlərdə istehlakçılara pulla verilən torbaların üzərində həmin marketin adı yazılır.

Beynəlxalq təcrübəyə əsasən deyə  bilərik ki, iri reklamverici şirkətlər ekoloji təmiz qabların üzərinə özlərinin reklamlarını yerləşdirirlər. Və bu torbaları da ticarət şəbəkələrinə pulsuz paylayırlar. Nəticədən həm reklamverici şirkət, həm ticarət şəbəkəsi, həm də istehlakçı razı qalır.

Maraqlıdır, marketlər özlərini reklam edirlərsə, niyə reklam xərclərini istehlakçının üzərinə qoyurlar?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasıda bildirib ki, marketlər insanların verdiyi pulla özlərini reklam edir.

Marketlər istehlakçılara seçim imkanı vermir:

 “Məcbur edir ki, onun reklamı olan torbaları pulla alasan. Belə praktika dünyanın heç yerində yoxdur. Sellofan torbaların ödənişli olması normal olsa da, bu məsələdə müəyyən nöqsanlar var. Yeni qərara görə, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar pulla satılır. Lakin bu ölçüdən qalın olan torbaların satışı pulsuzdur. Sanki həmin torbalar ətrafa zərər vurmur. Bu yanaşma doğru deyil. Ümumiyyətlə, bütün sellofan torbalara məhdudiyyət qoyulmalıdır. Ən ciddi problemlərdən biri budur ki, sellofan torbalar tam şəffaf olmalıdır. İnsanlar pul verərək üzərində reklam və ya yazılar olan torbalar almamalıdır. Çünki həmin yazılarda ağır metallardan, qurğuşundan istifadə olunur. Bu isə insanların tədricən zəhərlənməsinə yol açır”.

Sevinc

0