Toyuq ətini xoşlayanlar yaxşı bilirlər ki, kənd toyuğunun dadı broylerdən nə qədər fərqlənir. Ona görə də, kənd toyuğunun qiyməti həmişə broylerdən baha olub.
Bunu fürsət bilən bəzi işbazlar da bazara saxta kənd toyuğu çıxarmaqla məşğuldurlar. Saxtakarlığı isə adı sarıköklə həyata keçirirlər. Bu gün bazarlarda sarıköklə boyanmış broyler toyuqları kənd toyuğu adı altında satılır.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a şərhindı bildirib ki, bazarlara, mağazalara hər çeşiddə toyuq məhsulları çıxarılır:
“Xəstə, baytar dərmanından ölmüş toyuq satıla bilər. Əhali belə məhsullardan uzaq olmalıdır. Bakıətrafı kəndlərdə belə toyuqlar saxlanılır, anti-sanitar şəraitdə kəsilir, yolunur, emal olunur və bazarlara çıxarılır. Mağazalarda da bəzən sovet dövründə olduğu kimi ayaqları və boğazı üzərində olan "kənd toyuğu" adı altında satılan məhsullar var.
Onlar çox təhlükəli toyuqlardır. Kənd toyuğu yeyən adam həmin toyuqları alıb istifadə edəndə bilir ki, o kənd toyuğu deyil. İnsanlar özləri də bilməlidir ki, küçənin ortasında, üzərində hər hansı istehlakçıya məxsusluğuna dair nişan olmadan satılan toyuqlar sağlamlıq üçün zərərlidir.
Adamlar var öz həyətlərində saxladığı üç-beş toyuğu anti-sanitar şəraitdə kəsib, sellafon torbalara qoyaraq satışa çıxarır. Alıcılar özləri də belə keyfiyyətsiz mallardan qaçmalıdırlar”.
Sevinc