Sosial şəbəkələrdən gəlir əldə edənlərə nəzarət olmalıdır? - RƏY 

İQTİSADİYYAT
15:28 / 14.12.2023
478

"Hal-hazırda bütün dünyada sosial şəbəkələrin inkişaf etməsi, o cümlədən sosial şəbəkələr üzərindən reklamların və satışların həyata keçirilməsi kütləvi hal alıb".

Bu sözləri HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov deyib.

O bildirib ki, dövlətlər bu məsələyə 2 aspektdən baxırlar:

"Birincisi, sosial şəbəkələr vasitəsilə satış və ya ixracın genişlənməsidir. Yəni bu, sadəcə olaraq bir reklam vasitəsidir. Ölkələr bu məsələlərdə nisbətən yumşaq mövqe tuturlar. Çünki bu, bir növ həm biznesin və sahibkarlığın inkişafı, həm də ölkəyə valyuta axınının artması deməkdir. Faktiki olaraq, sahibkarlar öz istehsal etdikləri malları satmaları və bizneslərini genişləndirmələri həm məşğulluq, həm də dövriyyənin artması müsbət məsələdir. Hətta deyərdim ki, təqdirəlayiqdir. Ona görə də əksər inkişaf etmiş ölkələr bu məsələdə çox mülayim yol tuturlar. Əksinə, bu məsələlər dəstəklənir". 

339868

Ekspertin sözlərinə görə, öz məhsulunu istehsal edib satmaq başqa məsələdir:

"Çünki istehsal olunan məhsulu satarkən dövriyyədə göstərilir və onun vergisi ödənilir. Üstəlik, istehsal olunan məhsulun satışını gizlətmək çətindir. Onu da qeyd edim ki, əksər ölkələrdəki sahibkarlar istehsal etdikləri məhsulun satışını gizlətməkdə maraqlı olmurlar. Əksinə, istehsal olunan mallar nə qədər çox satılarsa, bu, onların əldə etdikləri güzəştli kreditlərin miqdarını artırır və çox sayda müsbət tərəfləri olur". 

Elman Sadıqov qeyd edib ki, çirkli pulların yuyulması və digər qeyri-leqal məsələlər isə Cinayət Məcəlləsində və yaxud da İnzibati Xətalar Məcəlləsində tənzimlənir:

"Ümumiyyətlə, sosial şəbəkələrin hansı halda biznesin genişləndirilməsinə və ya sahibkara dəstək olması ilə hansı halda haqsız gəlir əldə edilmə mənbəyi və yaxud da cinayət xarakterli məsələlər orada öz əksini tapdığı ayrı məsələdir. Biz bunları ayırmadan sosial şəbəkələrə qarşı ümumiləşdirilmiş mövqe sərgiləyirik. Bu, bir az yanlışdır. Artıq bəzi Avropa ölkələrində bu məsələlər yavaş-yavaş aydınlaşmağa başlayır. Amma hələ də tam aydınlaşmayıb. 

Sosial şəbəkələr o qədər sürətlə inkişaf etdi ki, onlar haqqında qanun belə qəbul olunmadı. Heç bir fərq qoymadan sosial şəbəkələrə kəskin reaksiya versək, hər birini vergiyə cəlb etməyə çalışsaq müsbət tərəfləri də boğarıq. Bu səbəbdən də məsələyə çox həssas yanaşmalıyıq. Konkret olaraq, çərçivələr və istiqamətlər müəyyən olunmalıdır".

Pərviz

0