"Hal-hazırda taksi islahatı icra olunur".
Bunu HİT.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.
O xatırladıb ki, 4 sentyabrda Nazirlər Kabineti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qarşısında taksilərin keyfiyyət parametrlərini müəyyənləşdirmək və 4 ay ərzində bunu icra etməsi ilə bağlı tələb qoymuşdu:
"Çox güman ki, qaydalar 1 yanvardan etibarən tam işə düşəcək. Yəni indiyə kimi olan narazılıqların aradan qaldırılması və keyfiyyətin yüksəldilməsi yönündə bir sıra işlər görüləcək. Onlardan biri sürücülərin təlimdən keçməsidir. Təlim keçdikdən sonra isə sertifikat və buraxılış vəsiqələri alacaqlar. Alınan buraxılış vəsiqələri əsasında bu sahədə 7 il fəaliyyət göstərməyə imkan qazanacaqlar. Beləliklə, taksi sürücüləri rəsmi olaraq bu sahədəki fəaliyyətini təmin edəcəklər".
Ekspert qeyd edib ki, bu günə qədər taksilərin artmasının fərqli səbəbləri var:
"Ən böyük səbəblərdən biri ictimai nəqliyyatın istənilən keyfiyyətdə olmaması və üstünlüyünün təmin edilməməsi idi. Həmçinin, pandemiyanın da buradakı fəsadları çox böyükdür. Taksi saylarının durmadan artmasının əsas problemlərindən biri də şəhər yollardında tıxacların baş verməsidir. Çünki gündəlik qısa məsafəli səfərlərin sayı çoxalıb. Bu da şəhər yollarındakı ümumi hərəkətə mənfi təsir göstərir. Lakin taksi sürücülərinin təlimə cəlb olunması və onlara sertifikat verilməsi həm bu bazarı tənzimləyəcək, həm də hazırkı xaotik vəziyyəti nizama gətirəcək".
Rauf Ağamirzəyev taksi sürücülərinin yeni buraxılış vəsiqələrini necə ala biləcəklərindən də söz açıb:
"Sürücülər buraxılış kartı və buraxılış vəsiqələrinin təmin olunması üçün mütləq təlim keçməlidirlər. Təlim nəticəsində əldə etdikləri sertifikatları isə onlayn qaydada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) elektron sisteminə yükləməklə həmin buraxılış vəsiqəsini əldə edə bilərlər".
Pərviz