Son dövrdə baş verən intiharlar, əsasən, çoxmərtəbəli binaların damında qeydə alınır. Bir sözlə, çoxmərtəbəli binaların damları intihar etmək fikrində olanlar üçün məkana çevrilir. Belə ki, özünə qəsd etməyi planlaşdıran şəxslər nəzarətsiz binaların damına və ya ən hündür mərtəbəsinə üz tuturlar.
Maraqlı məqam ondan ibarətdir ki, bu təhlükəli vəziyyətin qarşısı niyə alınmır? Niyə çoxmərtəbəli binaların damından hər kəs asanlıqla istifadə edə bilir?
Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, binanın üstünə çıxanlar daha çox xanımlar və yeniyetmələrdir. Burada diqqət çəkmək metodu var. Əslində, hündürlüyə çıxanların məqsədi heç də intihar etmək deyil. Hündürlük insanı həmişə özünə çəkir:
“Onlar hündürlüyə çıxan zaman nə qədər uzaqda da dayansalar, yenə də özlərindən asılı olmadan damın lap uc hissəsinə gəlir və oradan da özlərini aşağı atırlar. Yüksəkliyə çıxanlar daha çox diqqəti özünə yönəltmək üçün bunu edirlər. Bundan başqa, insanlar assosiasiyalarla düşünürlər. Məsələn, bir müddət körpünün üstünə çıxıb bunu edirdilər”.
Psixoloq onu da əlavə edib ki, çoxmərtəbəli binaların damları nəzarətdə saxlanmalıdır:
"Aidiyyəti qurumlar bu məsələyə xüsusi diqqət etməlidirlər. Son zamanlar intihar edənlərin çoxmərtəbəli binaların damını seçməsi aidiyyəti qurumlar üçün çağırış olmalıdır"
Sevinc