2024-cu il Azərbaycanda iqtisadi vəziyyət necə olacaq?

İQTİSADİYYAT
19:19 / 19.12.2023
515

2023-cü il başa çatır və cari il ölkədə qiymətlərin daha da artımı ilə yadda qaldı. Bəs qarşıdan gələn yeni ildə iqtisadi proqnoz necə dəyərləndirilir? 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a şərhində  bildirib ki, qarşıdan gələn il iqtisadi baxımdan daha da çətin olacaq:

“Çünki qiymətlərin artımı gözlənilir. İqtisadi inkişaf səviyyəsi çox aşağıdır və belə də qalacaq. Məlumdur ki, iqtisadi inkişafın lokomotivi sahibkarlıqdır və o da bizdə yoxdur. Əksinə, bu baxımdan gündən-günə vəziyyət daha da pisləşir. Ona görə də inanmıram ki, bu sahədə ciddi dəyişiklik olsun”.

Ekspert hesab edir ki, gələn il 2024-cü ildə devalvasiya olması ehtimalı  yüksək deyil:

“Dünyadakı geosiyasi vəziyyətə görə valyuta ehtiyatlarımız baxımından indi neftin qiyməti də kifayət qədər yüksəkdir. Doğrudur, neft hasilatı bizdə azalıb, ortamüddətli perspektivdə, bəli, devalvasiya ola bilər. Təxminən, 3 il ərzində devalvasiya olması ehtimalı daha yüksəkdir. Çünki valyuta ehtiyatlarımızın artma ehtimalı aşağıdır. Neft az hasil edilir”.

Ə.Həsənov onu da əlavə edib ki, gələn il bank sektorunda dəyişiklik gözlənilir:

“Məlumdur ki, bu yaxınlarda iqtisadçıların Mərkəzi Bank sədri ilə görüşü olub. Görüş zamanı Mərkəzi Bankın üç illik strategiyası bəyan ediləcəyi qeyd edildi. Nə işlər görüləcəksə onların hamısı strategiyada əks olunacaq. Yanvarda onun təqdimatı olacağı gözlənilir. Onu da deyim ki, bugünkü vəziyyətə görə maliyyə sabitliyinə təsir göstərə biləcək hansısa bir bankın bağlanması nəzərdə tutulmur. Onu da deyim ki, Mərkəzi Bankın ləğv prosesində olan banklarla bağlı nəzarəti gücləndirəcəyi gözlənilir”.

Sevinc

0