Gündəlik kirayə evlərə təlabat artır - ŞƏRH

İQTİSADİYYAT
17:29 / 19.12.2023
449

Hər kəsə məlumdur ki, Bakıda fəaliyyət göstərən otellərin gecəlik qiymətləri heç də ucuz deyil. Bir gecəlik otellərdə gecələmək üçün ən azı 80-100 manat ödəmək lazım gəlir. Bu isə kifayət qədər yüksək qiymətdir. Bu səbəbdən də insanlar gündəlik kirayə verilən evlərə üz tutmağa məcbur olur.

Araşdırmalar zamanı məlum olub ki, son zamanlar kirayə mənzillərə təlabat artıb. Gündəlik kirayə mənzillərə tək xarici ölkələrdən gələn turistlər deyil, eyni zamanda, müəyyən bir iş üçün paytaxta gələn yerli vətəndaşlar da üz tutur. Məlumata görə, gündəlik kirayə mənzillərə əsasən əxlaqsızlıqla məşğul olanlar müraciət edir. Çünki otellərdə qalmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunduğundan, bəzi şəxslər bu cür evlərə üstünlük verir. 

Qeyd etdiyimiz kimi, bu evlərin qiyməti heç də ucuz deyil. Belə ki, bir günlük kirayə evlərin qiyməti 30-80 manat arasında dəyişir. 

Maraqlıdır, bu cür evlərdə təhlükəsizlik necə təmin olunur və gündəlik kirayə evlərin nə kimi risqləri var?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında qeyd edib ki, mətbuatda, internetdə günlük, saatlıq, həftəlik ev kirayəsi ilə bağlı elanlara son vaxtlar tez-tez rast gəlinir. Bu onu göstərir ki, bu cür evlərə tələbat var:

“Ailəsinin, yaxud özünün Bakıda yaşaması üçün ev kirayələyən şəxs, təbii ki, uzun müddətlik ev kirayə edir.  Çox nadir hallarda Bakıya iş üçün bir-iki günlük gələn şəxslər olur ki, onlar da çox vaxt qohum-əqrabanın evində qonaq qalır, yaxud otellərdə yer sifariş edirlər. Bir neçə saata, bir-iki günlük ev kirayələyənlərin çoxunun məqsədi orada əxlaqsızlıq yuvası təşkil etmək olur. Qiymətlərdən də görünür ki, bir saatlıq, yaxud da bir-iki günlük ev kirayələyənlər bunun üçün heç də az məbləğ ödəmirlər. Həmin evləri kirayə götürənlərin məqsədi çox vaxt  əxlaqsızlıq yuvası saxlamaq olduğundan və onlar bundan çox gəlir əldə etdiklərindən həmin evlərə bu qədər məbləğ ödəməyə də razı olurlar”.

Həmsöhbətimiz hesab edir ki, əxlaqsızlıq yuvası kimi istifadə edilən şəxsi evlərdə insan alveri qurbanlarının da cinsi istismar olunması istisna deyil:

"Belə evlərə, ola bilər ki, müştərinin istəyinə uyğun olaraq, onun sifarişi əsasında insan alveri qurbanları olan cinsi istismar edilən qadınlar aparılsın. Yaxud da, şəxslər ancaq evin pulunu ödəsin, öz cinsi partnyorlarını o evlərə aparsınlar. Hər iki halda ev əxlaqsızlıq yuvası olduğundan, fahişəliyə cəlb etmə cinayət məsuliyyəti yaradır”.

Sevinc

0