İctimai nəqliyyatdakı problemlər bitmir, əksinə artır...
İctimai nəqliyyatdakı problemlər mütəmadi olaraq müxtəlif formalarda gündəmə gətirilir. Lakin təəssüflər olsun ki, sözügedən problemlər azalmaq əvəzinə daha da artır. Üstəlik, taksidə gediş haqlarının artırılmasından sonra həm avtobuslarda, həm də metroda onsuz da var olan sıxlığın daha çox artdığına şahidlik edirik.
Xüsusilə pik saatlarda vaqonlara minmək mümkün olmur. Yəni müvafiq olaraq işlərin başlama saatları ilə bitmə saatlarında hər bir şəxsin azı 3 qatar buraxması artıq normal bir hala çevrilib. Əvvəllər 1 manata və ya daha ucuz qiymətətə taksilərdən istifadə edənlər də bu imkandan məhrum olublar. Çünki taksidən istifadə etmək üçün ən azı 3 manat pul ödəmək lazımdır. Düzdür, tətbiqlərdə sözügedən qiymət 2,50 göstərilir, amma taksi sürücələri ya birbaşa 3 manata tələb edir, ya da 50 qəpiyi geri qaytarmır. Hansı ki, gündəlik 1 ictimai nəqliyyatın istifadə edən sərnişin həmin 3 manatın üzərinə 20 qəpik qoymaqla 4 gün işə gedib-gələ bilər.
Yəni taksilərin də əlçatanlığı artıq geridə qalıb. Belə olan halda hər kəs ictimai nəqliyyata yönəlmək məcburiyyətində qalır. Bu isə əks-təsir göstərir və ictimai nəqliyyatdakı problemlər daha da artır. Maraqlıdır ki, nə ictimai nəqliyyatdakı gediş haqqı, nə də taksilərdəki gediş haqqının artmasından avtobus və metrolardakı problemlər həll olunmadı.
Problemlər nədir?
Qatarların və avtobusların həddindən çox uzun intervalla gəlməsi, hər iki ictimai nəqliyyatda da sıxlığın yüksək səviyyəyə çatması, şəhərətrafı avtobusların olduqca köhnə olması kimi problemlərin siyahısını artırmaq mümkündür. Sərnişinlər isə işə gedib-gələrkən bu və bənzər problemlərlə üzləşmək istəmirlər.
Əslində, intervalı azaltmaqla sıxlıq problemini çox böyük ölçüdə həll etmək olar. Nəticədə bu, olduqca qəliz bir məsələ deyil. Ümid edirik ki, yaxın gələcəkdə artıq ictimai nəqliyyatdakı sıxlıq problemi deyilən bir anlayış olmayacaq...
Pərviz