Su qıtlığına qarşı mübarizəyə başlanılıb: kanallar betonlaşdırılır

İQTİSADİYYAT
23:57 / 26.12.2023
439

Son illər ölkəmizdə quraqlığın hökm sürdüyü müşahidə olunur. Belə ki, çaylarda sululuq azalır və təsərrüfatda su qıtlığı yaranır. Lakin bu il payız və qış aylarında havaların yağıntılı keçməsi, eləcə də qışın sərt keçəcəyi ilə bağlı verilən anonslar növbəti il yay aylarında ölkə çaylarında suyun səviyyəsinə müsbət təsir göstərəcəyi ilə bağlı ümidləri artırır. Bütün hallarda isə quraqlığa və su qıtlığına qarşı mübarizənin aparılmasının zəruriliyi prioritet məsələlərdəndir. 

Hidroloq Rövşən Abbasov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, son illər yerli və transsərhəd su ehtiyatlarının getdikcə azalması ölkəmizdə su çatışmazlığına səbəb olub. 

Onun sözlərinə görə, bu istiqamət üzrə müvafiq addımlar atılsa da, su çatışmazlığının qarşısını almaq olmur. Ona görə də gələcəkdə təhlükəli tendensiya yarana bilər: 

“Azərbaycanda əsas su mənbələri yerüstü su axarları, yəni çaylardır. Bu çaylardan ən böyüyü isə Kür və Arazdır. Xarici ölkələrdən Azərbaycana gələn bu çaylar ölkənin transsərhəd su ehtiyatlarını formalaşdırır. Hansı ki, bu, ümumi su payında 70 faizi təşkil edir. Bu il bölgələrdə yağıntıların kifayət qədər çox olması çaylarımızda sululuğu artırıb. Bu artım su anbarlarının doldurulması istiqamətində effektiv addımların atılmasına imkan yaradır. Elə su anbarlarımız var ki, onların doldurulması az sulu dövrdə xüsusilə kənd təsərrüfatının suvarma suyu ilə təminatına şərait yaradır”. 

Su itkilərinin başlıca səbəblərindən birinin torpaq kanallarının olduğunu söyləyən R.Abbasov qeyd edib ki, hazırda bu kanalların betonlaşdırılması, eləcə də ənənəvi suvarmadan müasir suvarmaya keçidlə bağlı işlər görülür. Lakin o, bu prosesin çox uzun və ləng davam etdiyini söyləyib: 

“Kanallar betonlaşdırılan zaman onların təmin etdiyi su istifadəçiləri müvəqqəti olaraq sudan məhrum ola bilərlər. Məsələn, Qarabağ kanalının betonlaşdırılması çox çətin problemlərə yol aça bilər. Belə ki, bir neçə rayon müəyyən müddətlik susuz qalacaq. Bütün hallarda su qıtlığı ilə mübarizədə müvafiq addımların atılması zəruridir”. 

Su qıtlığı ilə bağlı mübarizə metodlarına gəlincə, hidroloq dövlət səviyyəsində bir sıra addımların atıldığını vurğulayıb. Onun sözlərinə görə,  bu gün Azərbaycan “Milli Adaptasiya Proqramı” həyata keçirməkdədir. Bu proqrama əsasən, su ehtiyatlarından daha səmərəli istifadə mexanizmi hazırlanır. 

“Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və su idarəçiliyinin bir təşkilatın əlində tam mərkəzləşdirilməsi bu istiqamətdə atılan əsas addımlardan biridir. İnanıram ki, yaxın gələcəkdə ölkəmizdə sudan inteqrasiya və suyun bazar mexanizmləri hazırlanacaq. Su planlaşdırma işlərinin həyata keçirilməsi ölkədə olan su qıtlığının qarşısını alacaq” – R.Abbasov bildirib.

0