Bu dövlət qurumu üçün yeni binanın inşasına başlanıldı

İQTİSADİYYAT
09:16 / 27.12.2023
364

Naxçıvanda "Treninq və Simulyasiya Mərkəzi" Publik Hüquqi Şəxsinin binası inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, mərkəzin binasının inşası işlərinə başlanılıb.

Hələlik tikinti işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

Training və Simulyasiya Mərkəzinin konsept layihəsi 3 və 4 mərtəbə olmaqla iki hissədən ibarətdir. Binanın oturduğu sahə 1630 m2-dir. Ümumi layihələndirilən sahə 5254 m2-dir. Layihənin sağ korpusunda zirzəmi mərtəbəsi də nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən mərkəz bu ilin iyul ayında yaradılıb. Qurumun yaradılmasında məqsəd tibbi maarifləndirmə istiqamətində həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun olan təlim proqramlarından istifadə etməklə tibb işçilərinin sürətli təcrübə mübadilələrinə cəlb edilməsidir.

Mərkəzdə bütün ixtisaslar üzrə tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda, yeni bacarıqların əldə edilməsi, mərkəzin endoskopiya, USM, ginekologiya, reanimasiya, xəstəyə qulluq və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində manipulyasiyaların aparılması tətbiq ediləcək.

Bu da muxtar respublikada tələbələrin, rezidentlər və həkimlərin praktik bacarıqlarının artırılması və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin formalaşmasına şərait yaradacaq.

0