Aydın Hüseynov: "Sənaye parkları uğurlu model kimi qeyri-neft istehsalı və ixracında mühüm rol oynayır"

İQTİSADİYYAT
14:25 / 27.12.2023
358

"Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və sənaye məhəllələrinın yaradılması 12 ildən artıqdır ki, uğurla davam etdirilir. Ötən illər ərzində Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb.

Eyni zamanda 5 sənaye məhəlləsi - Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyətə başlayıb. 
Bu zonalar rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir və sənaye parkları və məhəllələrin yaradılmasında əsas məqsəd yeni istehsal sahələrinin qurulması, idxalın əvəz olunması, ixrac potensiallı məhsulları istehsal edəcək sənaye sahələri üzrə müəssisələrin yaradılmasıdır. Ona görə də, ən uğurlu modellərdən biri kimi Gəncə və Ağstafada, eləcə də ölkəmizin digər bölgələrində də sənaye texnologiyalar parkları və zonalarının yaradılması barədə işlər davam etdirilir".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov Hit.az-a açıqlamasında bildirib. 

Millət vəkili qeyd edib ki, Sənaye parklarına dövlət vergi, gömrük güzəştləri, müxtəlif iqtisadi təşviqlər verməklə onların fəaliyyətini stimullaşdırır. Bu zonaların rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bunun nəticəsidir ki, xarici və yerli iş adamları ölkədə mövcud sənaye zonalarında yaradılmış əlverişli şəraitdən yararlanırlar. 

Milli Məclisin deputatı qeyd edib ki, bu güzəştlər sayəsində sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 14100-dən çox daimi iş yeri yaradılıb.Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayırlar. 2023-cü ilin 11 ayı ərzində 1,5 milyard manatdan çox məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15 %, qeyri-neft sənaye məhsullarının ixracında 35 % təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

A.Hüseynov bildirib ki, hazırda ən əlverişli iqtisadi zonalardan biri kimi Qarabağ və Şərqi-Zəngəzur bölgəsində də texnoparklar təşkil edilir. Bu bölgə böyük sənaye və aqrar potensila malikdir. Bu ərazilərdə müasir sənaye komplekslərinin yaradılması işləri start götürüb.  Cəbrayılda yeni fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk xarici investorlar qeydə alınıb. Həmçinin, Ağdam Sənaye Parkının təməli qoyulub. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.  190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Sevinc

0