Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb.
Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb.
Bank sahəsi üzrə Əkrəm Həsənov Hit.az-a bildirib ki, pul bazası Mərkəzi Bankın dövriyyəyə buraxdığı pul, manat həcmidir. Dövriyyədə həmin pula uyğun kifayət qədər mal varsa, bu halda heç nəyə təsir etmir:
“İlin əvvəlində, pul bazası 16 milyard 885 milyon manat idi. Noyabrda 18 milyard 334 milyon manatdır və 1 milyarddan çox manat artıb. Sentyabrda 17 milyondan çox idi. Yəni ay ərazində bir qədər azaldı, qalxdı. Böyük ehtimalla ilin sonuna yenə artacaq. Çünki ilin sonuna xərclər çoxalır. İlin əvvəlinə baxsaq, artıb. Prinsipcə, pul gərək çox olsun ki, iqtisadi aktivlik olsun. Bu gün Mərkəzi Bank istəsə, qiymət artımı baş verməz”.
İqtisadçı onu da deyib ki, ölkədə pula tələbat çoxdur:
“Hazırda sahibkarlar bir-birinə vaxtında ödəniş etmirlər, gecikmələr çoxdur. Bu da onunla bağlıdır ki, məhz pul çatmır. Baş vermə səbəbi isə odur ki, Mərkəzi Bank pul bazasını “inflyasiyaya qarşı mübarizə aparıram, qiymət artımının qarşısını alıram” adı altında azaldır. Əslində bu, inflyasiya qarşı yox, daha çox devalvasiyaya qarşıdır”.
Sevinc