Rəqəmli və Audiovizual Yayım Sənayesi təşkilatının açıqladığı məlumata görə, Azərbaycanda televiziya reklamları bazarı 30 faiz azalacaq. Bu isə kanalların gəlirlərinə ciddi təsir edəcək, gələcəkdə maliyyə problemi ilə də üz-üzə qoya bilər.
Bəs sahibkarlar indi niyə kanallara reklam verməkdən çəkinir, bu proqnoz realdırmı?
Valyuta.az bu sualları iqtisadçı Xalid Kərimli ilə müzakirə edib.
İqtisadçı bildirib ki, bu, kifayət qədər real proqnozdur:
"Fikir versək görərik ki, sahibkar daha çox onlayn platformalarda, sosial şəbəkələrədə öz reklamlarını paylaşmağa üstünlük verirlər. Bunun da öz səbəbləri var. Onlayn reklamlar daha ucuz, daha çevikdir. Seqmet müştəriyə daha rahat çatır. Reklamlar müştəriyə hardan tez çatırsa, sahibkarlar da ona üstünlük verir. Əgər insanlar sosial şəbəkəyə 10 il əvvəl daha az girir, ancaq televiziyalara baxırdılarsa, bu gün minlərlə insanın davranış tərzini, seçimi dəyişirsə, bunun günahı sahibkarlarda deyil. Bu bizneslərin öz arasındakı mübarizəsinin nəticəsidir. Zaman-zaman yeni texnologiyalar yarananda bir çox yeni sahələr ortaya çıxır".
Xalid Kərimli deyib ki, reklam bazarı ilə bağlı qanunvericilik var və bu sahədə olan qanunvericilik kiməsə üstünlük yaratmamalıdır:
"Bu prosesdə hökumət üçün maraqlı olan verginin toplanmasıdır. Ona görə də burda qərarı sahibkar verir. Sahibkarı isə reklamlarını TV-yə ver deyə məcbur etmək olmaz".
“Sahibkarlar öz reklam bazarını seçəndə nəyə üstünlük verirlər” sualına cavab olaraq ekspert bildirib ki, sahibkarın qərarvermə mexanizmi var və buna uyğun da qərar verir:
“Sahibkarlar çalışır ki, mesajı müştərisinə effektiv şəkildə və az xərclərlə çatdırsın. Sahibkarı düşündürən məsələ budur. Onlar bu reklamı televiziyaların, sosial şəbəkələrin çox qazanması üçün deyil, öz maraqlarını nəzərə alaraq edir. Bunlar onun üçün müştəriyə çatmaq, öz məhsulunu çatdırmaq üçün bir vasitədir. Sahibkarla üçün də önlayn daha hədəfli reklam vermək imkanlarına malik olduğuna görə seqmentasiya, reklamların yerləşdirilməsi, pozisiya və s. kimi məsələlər bu cür həll olunur”.