2024-cü ildə maliyyə bazarımızı nə gözləyir?

İQTİSADİYYAT
20:35 / 05.01.2024
389

“Azərbaycanda kompleks şəkildə baş verən proseslərin nəticəsində insanlarda inamsızlıq yarandı və onlar banklardan qaçmağa başladılar. Bunun da əsası 2015-ci ildə baş verən iki devalvasiya zamanı qoyuldu və bu da Azərbaycanda maliyyə problemi yaratdı. Ona görə ki, vətəndaşlarda toplanan dollarlarla olan vəsaitlərin həcmi çox böyük idi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib. 
 
Onun sözlərinə görə, bunun nəticəsində dollarla verilən kreditlər və depozitlər “qapanmış dairə” sindromunu yaratdı: 

“O zaman nə krediti götürən geri qaytara bildi, nə də vətəndaşlar banklarda yığılıb qalmış depozitlərini geri ala bildilər. Bununla da ölkədə qarşılıqlı etibarsızlıq mühiti formalaşdı”. 

Müsahibimiz düşünür ki, depozitlərdən verginin tutulması, müəyyən hissəsinin hələ də sığortalanmaması və bankların bağlanması əsas riskləri daha da artırır:

“Bu istiqamətdəki problemlər həll olunmayana qədər müştəri-bank münasibətlərini bərpa etmək mümkün olmayacaq. Burada əsas söhbət vəsaitlərin etibarlılığından gedir. Bu gün “qara gün” üçün saxladığımız pullar bizim üçün hər şeydən vacib sayılır. Bu baxımdan da problemin həlli tapılmalı və əvvəlki etibarlılıq təmin olunmalıdır. 

Hazırda Mərkəzi Bankın vətəndaşın depozitlərdən qazandığı min və ya iki min manatdan tutduğu 5-10 faizlik vergiyə ehtiyacı yoxdur. Əslində, vəsaitlərin banklarda qalmasının və dövriyyəyə buraxılmasının ölkə iqtisadiyyatına verdiyi töhfə həddindən çoxdur. “Yastıq altı” vəsait əslində gizli iqtisadiyyat deməkdir. 

Vəsaitlər dövriyyəyə buraxılmasa və vətəndaş formalaşan bazarımızda iştirak etməsə, bu, təhlükəli hala çevriləcək. Təkcə bank sektorunda deyil, bütün sahələrdə hər cür şərait yaradılmalıdır ki, vətəndaş əlindəki vəsaiti banklara yatırmaqdan çəkinməsin”. 

Bəs 2024-cü il Azərbaycanın maliyyə bazarı ilə bağlı proqnozlar nədən ibarətdir? Sualı cavablandıran ekspert düşünür ki, bu il görüləcək işlər çoxdur:

“2024-cü il ölkənin bank sektoru üçün inkişaf ili olacaq. Üstəlik bir neçə istiqamətdə şəffaflıq prosesi olacaq və bir neçə bank fəaliyyətini tamamilə dayandıracaq ki, bu da sektorun təmizlənməsinə, şəffaflaşmasına və şaxələnməsinə xidmət edəcək. Bu artıq istisna olunmur. Bəzi bankların cari ildəki bəzi uğursuz yatırımları da bu məsələdə böyük rol oynayacaq. Vətəndaşlar banka inanmalı və “yastıq altı”ndakı vəsaitləri banka etibar etməlidirlər. Təbii ki, bu istiqamətdə də müəyyən işlər görülür və öz nəticəsini göstərəcək. 

Mərkəzi Bank tərəfindən şəffaflıqla bağlı onların qarşısında elə tələblər qoyulur ki, özlərini düzəltməyə məcbur qalırlar. “Muğan Bank” məhz bu öhdəlikləri yerinə yetirmədiyi üçün lisenziyası əlindən alındı. Hazırkı tələb və öhdəlik odur ki, banklarda müasir dövrün tələblərinə uyğun xidmət yaradılmalıdır”.

0