Vətəndaş bank kartları işləmədiyi üçün kreditini ödəyə bilməsə cərimə yazılacaq?

İQTİSADİYYAT
14:05 / 07.01.2024
533

Dünən Azərbaycanda bank kartları bir müddət işləmədi və ödənişlərdə problemlər yarandı.

"Azərikard" da yaranan texniki problemə görə vətəndaşlardan üzr istədi və xətanın aradan qaldırıldığını açıqladı. 

Lakin bank kartları ilə bağlı problemin yaranması banklardan kredit götürən vətəndaşların narahatlığına səbəb oldu. Daha doğrusu, kredit ödənişlərini onlayn formada həyata keçirən vətəndaşlar mövcud problemin uzun müddət davam edəcəyi təqdirdə, onlara gecikmə və ya cərimə yazılacağından ehtiyat etməyə başladılar. Yəni bu problem kredit ödənişi zamanı yaransa və uzun müddət davam etsə, sistemdə müştərilərə avtomatik olaraq cərimə və gecikmə yazılacaq. 

Ümumiyyətlə, belə olan halda vətəndaş nə etməlidir? Bank müştəriyə krediti filiallarda deyil, kartla ödəməyə çalışdığı üçün cərimə və ya gecikmə yaza bilərmi? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, belə olan halda bankla vətəndaş arasındakı müqaviləyə baxmaq lazımdır:

341287

"Bu, texniki məsələdir və hər gün olan problem deyil. Amma müştərilərin narahat olması da başadüşüləndir. Belə olan halda ilk növbədə vətəndaşla bank arasındakı müqavilədə ödənişin formasının necə göstərildiyinə baxmaq lazımdır. Yəqin ki, sözügedən müqavilədə ödənişin forması göstərilməyib. Ödənişin hansı şəkildə həyata keçiriləcəyi göstərilmədiyi üçün bankın gecikmələrə görə hansısa cərimə yazmaq ixtiyarı var".

Lakin ekspert qeyd edib ki, bu, kütləvi hal alarsa, əlavə ödənişlər məhkəmə predmeti ola bilər:

"Yəni vətəndaş məhkəməyə müraciət edə bilər. Onda da vətəndaşla bank arasında imzalanan müqavilə əsas götürüləcək. Əgər müqavilədə ödənişin forması göstərilməyibsə, cərimə tətbiq oluna da bilər, olunmaya da bilər. Lakin banklar belə problem olanda Mərkəzi Bankın və ya Banklar Assosiasiyasının tövsiyəsi ilə həmin vaxt kredit ödənişlərində gecikmələrə cərimə tətbiq olunmaması ilə bağlı qərar verə bilərlər".

Elşən Bağırzadə belə texniki problemlə qarşılaşan vətəndaşlara tövsiyə də verib:

"Belə texniki problemlər olanda bankın özünə yaxınlaşaraq kredit ödənişlərini həyata keçirməyiniz tövsiyə olunur". 

Pərviz

0