Son illər paytaxtımızda inşa edilən çoxmərtəbəli binaların sayı artıb. Lakin həmin binaların əksəriyyəti tikilən zaman tikinti normaları gözlənilmir. Binalar necə gəldi, bir-birinə yaxın tikilir. Tikililər və qonşu binalar arasında məsafə olduqca azdır.
Bu məsafə təxminən 40-50 santimetrdir. Halbuki hər bir mənzil normal havalanmalı, günəş işığı mənzillərə paralel düşməli, nəm və rütubət kimi problem yaranmamalıdır.
Bu baxımdan binalar arasında məsafənin olması mütləqdir.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Hit.az-a şərhində bildirib ki, bina tikintisi nəzərdə tutulan ərazidə yüksək gərginlik və magistral qaz xətti yoxdursa, ərazi sürüşmə zonasında deyilsə, tikintiyə icazə verilir:
“İlk növbədə ərazidə tikinti işlərinin aparılmasının təhlükəsiz olub-olmaması müəyyən edilir. Tikintiyə icazə verilirsə, deməli, həmin ərazi tələblərə cavab verir. Təəssüf ki, bəzən bu məqamlar nəzərə alınmır, binalar bir-birinə yaxın, heç bir ara məsafəsi qorunmadan tikilir. Ara məsafəsi binanın xarici divar səthi ilə ölçülür. Yəni ara məsafəsi xarici divar səthinin 0.6 hissəsini təkil edir. Məsələn binanın hündürlüyü 40 metrdirsə, digər bina ilə ara məsafəsi minimum 24 metr olmalıdır. Hündürlük 50 metr olduqda isə minimum ara məsafə 30 metrdir. Ən əsası bu ara məsafələri hər binanın öz sərhədlərində olmalıdır. Yəni bir binanın ara məsafəsi o biri binanın ara məsafəsi ilə kəsişə bilməz. Hər binanın özünəməxsus ara məsafəsi olmalıdır. Bütün bunlar qanunvericilikdə də qeyd olunub”.
Sevinc