Bu aydan etibarən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə cərimə tətbiq olunacaq. Qanuna əsasən buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 80 manat məbləğində cərimə ediləcək.
Nəqliyyat eksperti Aslan Əsədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qəbul olunan qərarı doğru hesab etmək olar. Çünki söhbət şirkət taksilərindən gedirsə, bu taksilərə qarşı müəyyən fəaliyyət mexanizmi tətbiq olunmalıdır. Belə ki, sərnişin-sürücü münasibəti müsbət mənada yaxşılaşdırılmalıdır.
“Vəzifəli, fiziki və ya hüquqi şəxslərin cərimələnməsi hər bir sahədə mövcuddur. Nəqliyyat sahəsindəki cərimələr əsasən sərnişindaşımanın keyfiyyətinə xidmət edir. Bu baxımdan buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə olunacaq” – ekspert qeyd edib.
A.Əsədovun sözlərinə görə, istər taksi, istərsə də marşrut fəaliyyəti üzrə tənzimləmələrdə sərnişinlərin daşınmasının say etibarı ilə keyfiyyətə uyğunlaşmasına ehtiyac var. Bu fonda avtobusların sayının artırılması, intervalın azaldılması daşınmaya daha çox müsbət təsir edir:
“Eyni zamanda taksi fəaliyyətində avtomobillərin daha rentabelli olması, ənənəvi taksi ilə müasir avtomobillərin uzlaşması bir-biri ilə əlaqəli olmalıdır. Əks halda yaranmış vəziyyət bahalaşmaya və sərnişin narazılıqlarının artmasına səbəb olacaq. Bahalaşmanın qarşısını almaq və nöqsanların aradan qaldırılması üçün sərnişindaşımanın tənzimlənməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir”.