Dünyada ərzaq ucuzlaşıb: yerli bazarda vəziyyət necədir?

İQTİSADİYYAT
23:20 / 09.01.2024
327

"Dünyada ərzaq məhsullarının qiymətinin ucuzlaşmasına rəğmən ötən il Azərbaycanın daxili bazarında ərzaq məhsulları 12% bahalaşıb".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, dünyada iki ildən artıqdır ərzaq məhsullarında ucuzlaşma davam edir. 

Azərbaycanda ərzaq məhsullarının yarıdan çoxunun idxaldan asılı olduğunu xatırladan sədr deyib ki, belə olduqda daxili bazarda da ucuzlaşma olmalı idi:

"Çünki biz ərzaq məhsullarının böyük qismini xaricdən idxal edirik. Yəni xaricdə ucuzlaşma olduğu təqdirdə bu, daxili bazara da təsirini göstərməlidir. Amma bunun tam əksi baş verdi. Bu təzadın ən başlıca səbəbi Azərbaycan bazarının inhisarçı olmasıdır. İnhisarçı bazardakı sahibkarın düşüncəsi ilə rəqabətli bazardakı sahibkarın düşüncəsində böyük fərqlər var. İnhisarçı sahibkar yalnız mal dövriyyəsini diqqətdə saxlayır və onun qarşısında uduzacağı rəqib yoxdur. Rəqabətli bazarda sahibkarın qarşısında rəqib olduğuna görə o, həmişə öz üstünlüyünü rəqib qarşısında nümayiş etdirməyə çalışır". 

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) icmalına görə, 2023-cü ildə dünyada ərzaq qiymətləri 13,7% ucuzlaşıb. Ötən ilin dekabrında isə ərzaq qiymətləri illik ifadədə 10,1% azalıb. 

1