Bakıda çıxarışı olmayan bu evlər hansı halda sökülə bilər?
Azərbaycanda yarım milyona yaxın fərdi yaşayış evinin çıxarışı yoxdur.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu evlər əsasən yüksək təzyiqli neft, qaz, su və kanalizasiya xətlərinin yaxınlığında, yüksək gərginlikli elektrik xəttlərinin altında yerləşir.
Ekspertin sözlərinə görə, çox güman ki, bu evlərə çıxarışların verilməsi mümkün olmayacaq:
"Bütün hallarda hökumət tərəfindən bu məsələyə baxılacaq. Sözügedən ərazilərdə qeyd olunan kəmərlərin və xəttlərin yerinin dəyişdirilməsi mümkün olarsa və ərazidə xeyli sayda vətəndaş məskunlaşıbsa, bu halda həmin evlər sökülməyəcək. Əks halda isə həmin evlərin sökülməsi tələb olunacaq".
Ekspert hesab edir ki, yaşayış təyinatlı torpaq sahələrində yerləşən və heç bir kommunal sektora təsiri olmayan həyət evləri isə bu il ərzində çıxarışla təmin olunacaq. R.Qasımzadə bildirib ki, yaşayış evlərinin çıxarışla təmin olunmasında dövlət də maraqlıdır.