Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi ölkələrin adları açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il xarici ölkələrə səfər edən azərbaycanlıların təxminən 82 faizi 4 ölkəyə yollanıb. Daha dəqiq desək, onların 43,6 faizi Türkiyəyə, 21,5 faizi Rusiyaya, 9 faizi Gürcüstana, 7,6 faizi İrana gedib.
Maraqlıdır, nə üçün daha çox bu 4 ölkəyə üstünlük verilir?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, bunun bir neçə səbəbi var:
"Əsas səbəblərdən biri Türkiyə ilə sıx iqtisadi və digər geniş əlaqələrimizin olmasıdır. Həmçinin, Rusiyada milyonlarla soydaşımız yaşayır. Onların ölkəmizə gəliş-gedişi, habelə Azərbaycandan Rusiyadakı qohumlarının yanına gedənlər də sözügedən statistikaya daxildir. Eyni zamanda, Gürcüstan və İranda da çox sayda soydaşımız yaşayır və həmin ölkələr ilə də geniş əlaqələrimiz var".
Ekspert qeyd edib ki, Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə sıx təmasdayıq:
"Qonşu ölkələrlə istər iqtisadi, istərsə də digər sahələrdə çox ciddi əlaqələrimiz var. Bu da xalqların bir-birinə inteqrasiyasını təmin edir. Ona görə də Türkiyə, Rusiya, Gürcüstan və İranla mütəmadi olaraq turist mübadiləsi həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan hüdudlarından kənara gedən turistlər daha çox bu 4 ölkəyə üstünlük verirlər. Lakin turist kütləsinin içərisində tələbələr və ticarətlə məşğul olan insanların da olduğunu nəzərə almaq lazımdır".
Pərviz