Onlayn alış-veriş edənlərin nəzərinə: bu, daha çox seçim imkanı verəcək

İQTİSADİYYAT
22:40 / 19.01.2024
441

Azərbaycanın poçt operatoru olan “Azərpoçt” MMC-nin “Postcargo” karqo xidməti Almaniyadan daşımalara başlamağı planlaşdırır. Türkiyə və ABŞ-dən uçuş həyata keçirən karqo xidmətinin sınaq müddəti uğurla başa çatdıqdan sonra Almaniyadan da göndərişlərin icrasına başlayacağı gözlənilir. Ekspertlər hesab edirlər ki, bu, vətəndaşlara daha çox seçim imkanı verəcək.

İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, artıq Almaniyadan da göndərişlərin icrasına başlanılması vətəndaşlara geniş fürsətlər vəd edəcək.

Lakin o bildirib ki, bunu xırda sahibkarlara aid etmək bir qədər çətin məsələdir: “Artıq vətəndaşlar Avropadan da məhsul sifarişində karqo xidmətlərindən yararlana biləcəklər. Amma onlayn ticarətin xırda sahibklarlara mənfi təsirləri var. Onlayn ticarətdə adam başına aylıq sifariş edilən malın dəyəri təqribən 500 manatdan (300 dollar) artıq olarsa, bu zaman vergi ödənilir. Tacirlərə problem yaradan əsas məsələ də elə budur. Burada əsas məsələ bir tərəfin vergiyə cəlb edilməsi, digərinin isə vergidən azad edilməsinin yaratdığı problemdir. Yəni tacir şəxsi istifadəsi üçün məhsul sifariş etdikdə vergi ödəmir, lakin dəyəri 500 manatdan çox sifariş etdiyi məhsula görə isə vergiyə cəlb olunur”.

İqtisadçı ekspert Eyyub Kərimli isə İqtisadiyyat.az-a açıqlamasında iqtisadi əlaqələrin genişlənməsini hər bir ölkə üçün müsbət hal kimi dəyərləndirib.

O bildirib ki, Almaniyadan da göndərişlərin icrasına başlanılması ilə insanlar artıq daha rahat Avropa mallarını ölkəmizdən birbaşa əldə edəcəklər: “Bu, daxili bazarda rəqabətlilik yaradacaq. Almaniyadan göndərişlərin icrasına başlanılması sahibkarların fəaliyyətinə də təsirlərini göstərəcək. Bəzi hallarda sahibkarlarımız rəqabətə tab gətirə bilmir. Lakin bu, qaçınılmaz bir haldır. Elektron ticarət artıq tam gücü ilə ölkə iqtisadiyyatına və dünya iqtisadiyyatında öz payını artırmaqdadır. Bu, sözsüz ki, yerli sahibkarların qarşısında yeni məqsədlər qoyur, onların öz fəaliyyətini yeni trendlərə uyğunlaşmağa sürüklüyür. Bu baxımdan hesab edirəm ki, ilk aylarda sahibkarlar üçün bir az çətin olsa da, uzaq perspektivdə onların inkişafına mühüm təsirlər edəcək”.

Xatırladaq ki, 2022-ci ildən etibarən “Azərpoçt” klassik daşıma biznesini genişləndirərək karqo xidmətinə keçid edib və “Postcargo” adı altında xaricdən sifariş verilmiş malların sürətli çatdırılmasının icrasına başlayıb. Hazırda vətəndaşlar “Postcargo” vasitəsilə sifariş verdikləri mallarını ölkə üzrə 1 113 məntəqədən təhvil ala bilərlər. Bundan başqa, müştərilər tezliklə bağlamalarını nəinki poçt məntəqələrindən, eləcə də avtomatlaşdırılmış qurğular olan poçtamtlardan da təhvil ala biləcəklər. Hazırda AZ1000 indeksli poçt məntəqəsində yerləşdirilmiş poçtamt qurğusu test mərhələsini uğurla keçib və müştərilərin istifadəsinə verilib.

0