Buğda kəskin ucuzlaşdı: Çörəyin qiyməti dəyişə bilər - Ekspert

İQTİSADİYYAT
21:30 / 24.01.2024
389

Azərbaycanın xaricdən idxal etdiyi buğdanın qiyməti 20 faiz ucuzlaşıb. Belə ki, 1 ton buğdanın qiyməti 338 dollardan 259 dollara düşüb.

2023-cü ildə ölkəyə 1 milyon 95 min tona yaxın buğda idxal edilib.

Bu ucuzlaşma çörəyin və başqa un məmulatlarının qiymətinə təsir edə bilərmi?

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, buğdanın qiymətinin aşağı düşməsi çörəyin və başqa un məmulatlarının ucuzlaşmasına təsir edə bilər.

“Buğdanın ucuzlaşması çörəyin qiymətinə təsir göstərə bilər. Amma biz bilməliyik ki, çörək istehsalçılarının xərci təkcə buğda deyil, buğda burda əhəmiyyətli paya malikdir. Ümumi xərclərin içərisində buğdanın payı 40-50 faizdən çox deyil”

Ekspertin sözlərinə görə, bir sıra xərclər var ki, onlar əvvəlki illərlə müqayisədə ya sabit qalıb, ya da artıb:

"Bu baxımdan biz birmənalı olaraq gözləməli deyilik ki, buğdanın qiyməti düşürsə, çörəyin də qiyməti düşəcək. Amma ehtimal var ki, buğdanın ucuzlaşması unun və çörəyin ucuzlaşmasına səbəb ola bilər”.

0