"Çoxdan gözlənilən Rəqabət Məcəlləsi müasir dövrün tələblərinə uyğun olaraq çox yaxşı şəkildə hazırlanıb".
Bu sözləri Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov deyib.
O bildirib ki, məcəllədə bir çox məqamların nəzərə alındığı və əks olunduğu görünür:
"Həm dünya təcrübəsindən yararlanılıb, həm də ölkə iqtisadiyyatının müəyyən aspektləri nəzərə alınıb. Ümumiyyətlə, bir ölkədə Rəqabət Məcəlləsinin işləyiş mexanizmi nə qədər mükəmməl olar və onun tələbləri yerinə yetirilərsə həmin ölkədə liberal iqtisadiyyat formalaşar.
Yəni mükəmməl rəqabət liberal iqtisadiyyata bərabərdir. Bizdə Rəqabət Məcəlləsinin tələblərini yerinə yetirə bilən iqtisadiyyat formalaşması və bunu həyata keçirən mükəmməl mexanizm olması çox təqdirəlayiq olar. Sözün həqiqi mənasında ölkədə rəqabətli və rəngarəng iqtisadi mühitin şahidi olarıq".
Ekspert vurğulayıb ki, Rəqabət Məcəlləsi çox genişdir:
"Orada bütün məsələlər öz əksini tapıb. Düşünürəm ki, qiymət artımının səbəbinin həqiqətən tapılıb üzə çıxarılması, habelə bundan hansı şirkətlərin sui-istifadə etməsi araşdırılacaq. Həmçinin, qiymət artımının süni və ya təbii baş verməsi kimi məsələlərin tənzimlənməsi də çox önəmlidir.
Rəqabət Məcəlləsi ilkin mərhələdə yəqin ki, inzibati yollarla tənzimlənəcək. Çünki bazarımız və iqtisadiyyatımız buna hələlik tam olaraq hazır deyil. Bəzi hallarda qiymət artımlarında idxalın və ya təbii amillərin təsiri olur. Amma bunun ölçülməsi ilə bağlı da müəyyən problemlərin yaşandığını görürük".
Elman Sadıqov diqqətə çatdırıb ki, Rəqabət Məcəlləsi mükəmməl hazırlanıb:
"Həqiqətən də bugünkü dövrün tələbləri və Azərbaycan iqtisadiyyatı üçün çox gözəl məcəllədir. Amma bu yaxşı hazırlanmış məcəllənin də həyata keçirilməsi üçün işlək mexanizm olmalıdır. Həmin işlək mexanizmin özünə də peşəkar nəzarət sistemi formalaşmalıdır. Nəzarət sisteminin tətbiqi Rəqabət Məcəlləsinin önəm və faydasını daha da göstərəcək.
Rəqabətin bir nömrəli vəzifələrindən biri də xidmət və məhsul keyfiyyətinin artmasıdır. Bu da çox önəmlidir. Rəqabət nə qədər çox olarsa nisbətən ucuz, amma daha yüksək keyfiyyətli məhsulların bazarda satışı artar. Nəzarət mexanizminin formalaşması və normativ qaydaların qəbul olunması bu məsələdə həlledici rol oynayacaq".
Pərviz