Əmək bazarında vəziyyət necədir?

İQTİSADİYYAT
19:30 / 26.01.2024
348

Sirr deyil ki, Azərbaycanda hamı bitirdiyi ixtisas üzrə çalışmır. Ali məktəblərin elə ixtisasları var ki, plandakı say qədər heç tələbat belə yoxdur.

Məsələn, beynəlxalq iqtisadi münasibətləri misal göstərə bilərik.

Bəs görəsən, Azərbaycanda hansı peşələrə tələbat yüksəkdir?

İqtisadçı Kamran Məmmədli Hit.az deyib ki, regionlarda iqtisadi sahələrin keyfiyyətli kadr təminatının reallaşdırılması hazırda Azərbaycanda əsas sosial-iqtisadi problemlərdən biridir:

"Həmin problemin əsas səbəbi kimi əmək bazarında təklif edilən işçi qüvvəsi ilə işəgötürənlərin tələbləri arasında kəmiyyət və keyfiyyət uyğunsuzluqları, eləcə də zəruri istiqamətlər üzrə ixtisaslı mütəxəssis hazırlığındakı problemləri göstərmək olar. Bu problemlərin həm indi, həm də Böyük qayıdışdan sonra məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə ciddi maneəyə çevrilməməsi üçün indidən zəruri addımlar atılmalıdır”.

Ekspertin dediyinə görə, hazırda Azərbaycanda ali təhsilli ixtisaslı kadrlara böyük ehtiyac var:

“Sual yarana bilər ki, onda ali məktəbi bitirənlərin çoxu niyə işsiz qalır? Bu suala cavab tapmaq üçün biz ixtisaslı kadr ilə diplomlu kadrın fərqinə varmalıyıq. Məsələn, Azərbaycanda nə qədər diplomlu aqronom, zootexnik var? Amma aqroparklar, iri fermer təsərrüfatları aqronom, zootexnik tapmaqda çətinlik çəkirlər, Türkiyədən mütəxəssislər cəlb edirlər. Çünki Azərbaycanda həmin ixtisaslar üzrə hazırlanan kadrların müəyyən qismi müasir tələblərə cavab vermirlər. Önəmli olan məsələlərdən biri kadr hazırlığının düzgün planlaşdırılmasıdır”.

Sevinc

0