Ölkənin müxtəlif ərazilərində divarlara yapışdırılan reklamalara və elanlara rast gəlirik.
Sözügedən mənzərə ilə daha çox insanların çox olduğu yerlərdə qarşılaşırıq. Xüsusən də avtobus dayanacaqları kimi yerləri buna nümunə göstərmək olar. Lakin təbii ki, bunlar qanunsuz şəkildə həyata keçirilir. Divarlara yapışdırılan reklam və elanlar isə kənardan çox pis görünür. Hətta bu, divarların görüntüsünün də səbəb olur.
Bəs divarlara qanunsuz şəkildə reklam və elan yapışdırılmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Hüquqşünas Mehman Muradlı Hit.az-a açıqlamasında bildirib ki, reklamlar "Reklam haqqında" qanunla tənzimlənir:
"Azərbaycan Dövlət Reklam Agentliyinin divarlara reklam və elan yapışdıranlara qarşı inzibati protokol tərtib etmə hüququ var. Agentlik sözügedən reklam və elanlarla bağlı məhkəməyə müraciət edə bilər. Həmçinin, onu yapışdıranların şəxsiyyətini müəyyən edə bilmirsə, polisə də müraciət edə bilər. Nəticədə həmin reklam və elanları yapışdıran, habelə onlara bu göstərişi verən insanlar müəyyən olunar. Bu, o qədər də çətin bir proses deyil".
Vəkil onu da vurğulayıb ki, divarlara qanunsuz reklam və elan yapışdırılmasının qarşısı alına bilər:
"Onların şəxsiyyətini müəyyən edib, barələrində inzibati protokol tərtib edib, məhkəməyə göndərilə bilər. Hesab edirəm ki, sözügedən şəxslər haqqında cərimə tətbiq olunduqdan sonra bu hallar xeyli azalar".
Pərviz