Müasir dünyanın ən ciddi problemlərindən biri də işsizlik, xüsusilə də gənclərin tapa bilməməsidir. Əslində, işsizlik bir çox ölkələr üçün yeni problem deyil. Lakin son dövrlər iqtisadi böhran daha çox genişlənib və işsizlik çətin həyat vəziyyətində olan gənclərin geniş təbəqəsini əhatə edir.
Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir, iqtisadiyyatın ayrı-ayrı sektorlarına sərmayələr yatırılır. Lakin regionların sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif layihə və proqramlar həyata keçirilsə də, bir çox bölgələrdə işsizlik problemi hələ də öz həllini tapmayıb.
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a deyib ki, ölkədə müxtəlif dövrlərdə regionların inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilib, yoxsulluğun azaldılması ilə bağlı bir neçə proqram gerçəkləşdirilib. Amma bu problemin həlli o qədər asan deyil. Rayonlardakı işsizliyi aradan qaldırmaq üçün yeni iş yerləri olmalıdır:
“Dövlət öz strukturlarında - təhsil, səhiyyə, icra hakimiyyəti sektorunda nə qədər mümkündürsə, iş yeri açıb. Amma bu çıxış yolu deyil. Sahibkarlıq inkişaf etdirilməlidir ki, özəl sektorda yeni iş yerləri açılsın. Bunun üçün isə özəl sektorun inkişafına şərait yaradılmalıdır. Sahibkarlar üçün bölgələrdə münbit mühit yaradılmayanda o gəlib öz işini Bakıda qurmağa meyl göstərir. Bakı ilə müqayisədə rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bəzi güzəştlər nəzərdə tutulsa da, rayonlarda qurulan iş mərkəzdə qurulan iş qədər effekt vermir. Hesab edirəm ki, bu, təbii prosesdir. Kiçik sahibkarlara təkcə regionlarda yox, elə Bakının özündə də vergi məsələsinə də ciddi güzəştlər tətbiq olunmalıdır. Düşünürəm ki, bu, onlara stimul vermiş olar. Çünki bu gün əmək bazarı bazası Bakıda daha çox inkişaf edib”.
Sevinc