Erkən nikahın qarşını almaq üçün şadlıq saraylarının evlənənlərdən nikah şəhadətnaməsi təklif olunur. Belə bir təklif millət vəkili Fazil Mustafa tərəfindən səsləndirilib. O qeyd edib ki, nikah yaşına çatmayan şəxslərin evliliyi qanunda məsuliyyət yaradır:
"Buna görə də, həm evlənən şəxslər, həm onların ailələri, həm də şadlıq sarayı rəhbərliyinin də məsuliyyəti yaranır. Əlbəttə ki, şadlıq sarayları nikah kitabçası tələb etsələr, öz işlərini zəmanət altına almış olarlar. Vaxtında sözügedən sənədlər tələb olunmalıdır. Bunun üçün xüsusi qanun çıxarmağa ehtiyac yoxdur".
Maraqlıdır, şadlıq saraylarının evlənən cütlükdən rəsmi nikah kitabçası tələb etməsi barədə qanun layihəsi hazırlana bilərmi?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a bildirib ki, erkən nikah cəmiyyəti narahat edən əsas problemlərdən biridir:
"Erkən nikahın qarşısının alınması ilə bağlı müxtəlif fikirlər, təkliflər səslənir. Səslənən təkliflərin hər biri qəbul edilə bilər. Ancaq cəmiyyət buna hazırdırmı? Şadlıq evi bu qaydaya razı olmayacaq. Bir şadlıq evi buna göz yumacaq, digəri isə qarşı çıxa bilər. Ancaq nəzərə almaq lazımdır ki, onlar sahibkardı. Tutalım şadlıq evi erkən nikaha görə toyun baş tutmasına icazə vermədi, valideynlər harda olsa bu izdivacı həyata keçirəcək. İlk öncə insanların düşüncəsi dəyişilməlidir".
Sevinc