Direktor şəhər zibilxanasına görə icra başçısını ittiham etdi - 20 min manat cərimə...

İQTİSADİYYAT
16:16 / 10.02.2024
572
Siyəzən Kommunal Müəssisələri Kombinatı 7000 manat cərimələnib. 
 
 
Qaynarinfo-nun məlumatına görə, müəssisə barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) protokol tərtib edilib. 
 
 
 
 
 
Məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin protokolunu təsdiqləyərək, növbəti dəfə kombinatı 7000 manat miqdarında cərimə edib. Bununla da son bir ildə nazirlik tərəfindən sözügedən müəssisəyə ümumilikdə eyni maddə ilə 20 min manat cərimə tətbiq olunub. 
 
 
Müəssisənin direktoru və qanuni təmsilçisi Əliyev Kamil Şixəli oğlu məhkəmədə rəhbərlik etdiyi qurumla bağlı iddianı qəbul etməyib. O deyib ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2018-ci il tarixli Sərəncamı ilə rayon ərazisində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə tullantı poliqonu üçün Ataçay çayının yaxınlığında 1 hektar torpaq sahəsi ayrılıb. Sərəncamın icrasına nəzarət Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, mərhum Zəfər Əliyevə tapşırılıb. 
 
 
 
Zəfər Əliyev
 
 
Bundan başqa, həmin ərazi Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının balansında olmadığından oranın mühafizəsini təşkil etmək onun səlahiyyətlərinə aid deyil. Hazırda həmin ərazi Siyəzənin icra başçısı Novruz Novruzovun tabeçiliyindədir. 
 
 
 
Novruz Novruzov
 
 
Direktor bildirib ki, Kommunal Müəssisələr Kombinatı eyni fakt üzrə iki dəfə 6500 manat olmaqla, ümumilikdə 13000 manat cərimə edilib. Həmçinin müəssisə 7987.63 manat vergi və maliyyə sanksiyalarına məruz qalıb. Direktor qeyd edib ki, rayon sakinlərinin təmsil etdiyi quruma məişət tullantılarının atılmasına görə 40.000 manat borcu var.
 
 
 
 
 
Kamil Əliyev bildirib ki, kombinatın traktoru yoxdur. Gün ərzində poliqona Siyəzən rayonu ərazisindən, müəssisə və təşkilatlardan 40-50 kub tullantılar atılır. Həmin tullantıların qalaqlanmasının qarşısını almaq üçün gündəlik orada texnika işləməlidir, buna da kombinatın maddi vəziyyəti imkan vermir. 
 
 
0