Azərbaycanda süni yumurta satılırmı? - Ekspert cavabı

İQTİSADİYYAT
13:36 / 15.02.2024
369

Son dövrlər sosial şəbəkələrdə süni yumurta, süni kələm, süni düyü hazırlanması barədə videolentlərə çox rast gəlirik. Belə süni  ərzaq məhsullarının Azərbaycan bazarında da yol açdığı iddia olunur. Hətta o da iddia olunur ki, artıq süni yumurta Azərbaycana gətirilməklə qalmayıb, Azərbaycanda istehsal edilir. 

Bu nə dərəcədə həqiqətdir?

Hit.az-ın bu sualına Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli cavab verib.

“Birinci birmənalı olaraq, onu deməliyəm ki,  broyler fabriklərində süni yumurta hazırlanmasından söhbət gedə bilməz. Bu mümkün deyil. İkincisi, yumurtanın maya dəyəri 8-10 qəpikdir, satışa 17 qəpikdən çıxarılır. Süni yumurta istehsalçısı nə qədər yumurta istehsal etməlidir ki, satışa çıxara bilsin, bu ona sərf eləməz. Söhbət milyonlarla ədəd yumurtadan gedir. Kimyəvi üsullarla yumurta hazırlanması təbii yumurta istehsalından baha başa gəlir. Ona görə bu imkansızdır. Biz istehsalçılar olaraq hazırladığımız məhsulun üzərinə öz ştampımızı vururuq, öz məhsulumuza cavabdehik. Belə şübhələr yarananda yerli və güvənilir broyler fabriklərinin məhsullarından istifadə edin”,- deyə Mürvət Həsənli qeyd edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a bildirib ki, hələ bir neçə il öncə Bakı bazarlarında süni yumurta satılması faktı təsdiqlənmişdi.

“Süni yumurtaları kənardan baxınca təbii yumurtadan ayırd etmək çətin olsa da, yumurtanı qıranda və ya laboratoriyada tərkibinə baxanda fərqləndirmək olur. Süni yumurtanın qabığı gips, kalsium və parafindən, yumurta ağı və sarısı jelatin və kalsium qarışığından hazırlanır.Sındıranda daha duru forma alır, ağ hissəsinin yapışqanlığı azdır. 

Digər kimyəvi qarışımlardan da istifadə olunur ki, bu yeyəni doyuzdurur, amma orqanizminə ciddi ziyan vurur. 20 ildir Azərbaycanda süni kürü istehsal olunur. Məncə Çindən süni yumurta hazırlamaq texnologiyasını da gətirmiş ola bilərlər. Məsləhətim budur ki, vətəndaşlar belə vəziyyət yarananda bizə müraciət etsinlər”,- deyə ekspert qeyd edib.

Murad

0