Bakı sürətlə böyüyən, yüksələn tikinti meydanıdır.
20 ildən çoxdur paytaxt göydələnlər şəhərinə çevrilsə də, eev almaq arzusu çoxları üçün elə arzu olaraq qalır.
Səbəb əl yandıran qiymətlərdir.
Azərbaycanda ciddi diqqət yetiriləsi sahələrdən biri də tikinti sahəsidir.
Böyük problemlərdən biri yaşadığı ərazidə evləri plana düşən vətəndaşların evlərini ucuz satıb, yeni mənzil ala bilməmələridir.
Tikinti şirkəti təklif etdiyi məbləği ucuz məbləğ kimi təqdim edir, guya vətəndaşlar üçün yeni mənzil sahibi olmaq su içmək qədər asan və sərfəlidir.
Həqiqət isə başqa söz deyir.
Şirkətin 1500 manat təklif etdiyi evin yerində tikəcəyi mənzilin kvadratını ən azı 2500 manata, 2000 manat təklif etdiyi evin yerində tikəcəyi mənzilin kvadratını ən azı 3500 manata satacağı şübhə doğurmur.
Nəzərə alınsa ki qiymətlər çox bahalaşıb, şirkətin vətəndaşa təklif etdiyi 1500 manat heç bir işə yaramır.
Bir-iki mərtəbəli evin yerində çoxmərtəbəli bina tikilir, tikinti şirkəti qaz vurub qazan doldurur.
Bəs vətəndaş?
Vətəndaş boğazından kəsib ev alır. Birinci burda aldadılır.
Mənzilin sahəsi içdən yox, çöldən hesablanır. Eyni divar iki-üç qonşuya satılır. Bu yenə yaxşıdır. Ən böyük dərd bir mənzilin bir neçə adama satılması isə artıq heç kimi təəccübləndirmir.
Tikinti mühəndisi Vüqar Heybətov Hit.az-a bildirib ki, işin içində olduğu üçün vətəndaşlara nə dərəcədə haqsızlıq edildiyini yaxşı bilir.
“Mənzilin bir kvadratı şirkətə 400 manatdan baha başa gəlmir. Amma satışını3-4 qat artıq hesablayır. Tikinti şirkəti hədə qorxu və 15-20 kv/m əlavə verəcəm deməklə aldadır.
Ölçülərdə vətandaşlar aldadılır. Çöl ölçülərlə vətandaşdan mənzili alır, daxili ölçülərə görə 20 kv/m əlavə təklif edirlər Məsələn bina bahalı və rahat ərazidə yerləşirsə yeni tikili təmirsiz mənzilin 1 kv/m 1700 azn formalaşır.
Əgər vətandaş mülkiyyətindən çıxmırsa heç kəs onu çıxara bilməz.
Mülkiyyət toxunulmazdı. Əlavə artırması olan vətandaşlar sənədləri olmadığı halda da həmən hissə vətandaşın mülkiyyətidir....
Əgər plana düşümüş ərazidə sonuncu vətandaş öz köhnə mənzilini şirkətə satmağa razı olmayıbsa, orada tikinti işləri aparılması qanuna ziddir”,- deyə o bildirib.
Əmlak eksperti Elnur Fərzəliyev Hit.az-a bildirib ki, uzun illərdir bu sahədə qanunvericilikdə boşluq var. 20 il öncə meydana çıxan bir fırıldaq növü, eyni mənzilin sirkət tərəfindən 5-10 adama satılması halı bu gün də davam edir. Şirkət rəhbəri sakinlərə standart müqavilələri möhürləyib verir, pulunu alır. Üstəlik heç bir sistemə düşməyən, bazaya oturdulmayan maliyyə arayışı da verir. Mənzil sahibi məsələdən xəbər tutduğunda iş işdən keçmiş olur.
Nəticədə, bu işlərdən minlərlə zərərçəkmiş insan var. Reyestr xidmətində evə və ya torpağa kupca-çıxarış alanda bütün sənədlər sistemə yerləşdirilir, şirkətlərin vətəndaşlarla bağladıqları müqavilələr isə yox.
Buna görə bir mənzili bir neçə nəfərə sata bilirlər. Məhkəmə isə çox zaman ortaq mənzili onu birinci ala adama verir.
Bəs qalanların günahı nədir?
Başqa bir problem də var. İndi şəhərin ortasında mənzili plana düşənlər şəhər kənarında belə ev ala bilmirlər. Böyük problemlərin yaşanmaması üçün tərəflər qanunla, notarusla müqavilə bağlamalıdırlar.
Xüsusən ev alanlar bunda maraqlı olmalıdırlar”,- deyə ekspert bildirib.
Bax belə. Bakıda minlərlə, milyonlarla yeni mənzillər tikilir, evsizlər isə azalmır ki, azalmır. Paytaxtda tikilən mənzillərin çoxunun alıcısı varlı ərəblər, ruslardır. Boş qoyub gedirlər. Bu şəhər bizimdir yoxsa?...
Murad