Sərnişin narkoman sürücüdən qorxur, sürücü quldur sərnişindən - Taksi boyda dərdimiz

İQTİSADİYYAT
16:46 / 19.02.2024
412

Neçə vaxtdır məsuliyyətsiz taksi sürücülərindən, az qala qəza, ölüm maşını adlandırdığımız “Prius”lardan yazırıq.

Spirtli içki, narkotik maddənin təsiri altında sükan arxasına keçib, yollarda  Əzrail kimi gəzən sürücülər barədə dəfələrlə deyilib, danışılıb. 

Bir də məsələyə əks tərəfdən baxaq. 

Bəs sürücülər də sərnişinlərdən qorxur?

Axı narkotik maddəni yalnız sürücülər deyil, sərnişinlər də istifadə edə bilər. Bunun dəlisi var, əli silahlısı var, qulduru var... Var ki var.

Hit.az   taksi sürücülər arasında “ Sərnişinlərdən qorxursunuzmu?” mövzusunda  sorğu keçirib.

Cavabları təqdim edirik:

Cavidan Məmmədli, 34 yaş - Həmişə qapının cibində ağır bir dəmir parçası gəzdirirəm. Qorxuram, niyə qorxmuram ki. Xüsusilə kişi sərnişin keçib , arxada oturanda ehtiyat edirəm. Bir gözüm  yolda, bir gözüm güzgüdə onda olur.

Nəsimi Babayev, 26 yaş – Qorxmasam da ehtiyat edirəm. Qadından da Kişidən də nə desən gözləmək olar. Narkotik maddəni bəyəm təkcə kişilər çəkir. O qədər qadın sərnişinim olub, “hallanıb” oturublar maşına.

Xanhüseyin Mirzəyev 71 yaş- Ehtiyat edirəm. Bir dəfə qaranlıqda maşınıma minmiş 3 oğlan nəyim var, nəyim yox soyub aldı əlimdən. Bir tikə çörək qazanırıq, onu da zülmlə.

Mehrab Hüseynli, 23 yaş – Maşına kişi oturanda deyirəm keç qabaqda otur. Qadın qabaqda oturmaq istəyəndə arxaya keçirirəm. Şərə salıb bir qadın bir dəfə. Kişi niyə arxada oturmalıdır ki. oturursa demək nəsə bir planı var.

Qalib Hacılı 35 yaş - Keçmiş polis əməkdaşıyam. İşdən çıxarıldım. İndi sürücülük edirəm. Narkomanı, xuliqanı gözündən tanıyıram. Özümü qorumaq üçün maşında çəkic gəzdirirəm. Ehtiyatlı igidin anası ağlamaz.

Bax belə. Göründüyü kimi, sərnişinlər heç də həmişə məsum olmurlar. Hərəmizin yanında bir polis gəzdirmək imkanımız yoxdur. Odur ki, hər kəs özü-özünü qorumalıdır.

Murad

0