"Son 7 ildə dolların manata qarşı məzənnəsi dəyişməyib. Amma manat hər il dollara nisbətən bir neçə faiz inflyasiyaya uğrayıb".
Bu sözləri Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elçin Rəşidov deyib.
O bildirib ki, əslində dollar da, manat da inflyasiya uğrayır, amma bu, manatda daha çox olur:
"Buna baxmayaraq, məzənnə dəyişmir. Yəni 7 ildir dolların manata nisbətən dəyəri artıb, amma qiyməti sabit qalıb. İqtisadiyyat isə bunu sevmir. Hazırda dəyərlə qiymət arasında süni gərginlik yaranıb. Hesab edirəm ki, bu gərginliyin aradan qalxması üçün dolların məzənnəsi təxminən 2 manat 50 qəpik ətrafında təyin oluna bilər. Bu isə devalvasiya deməkdir".
Lakin ekspert onu da əlavə edib ki, devalvasiyanın olması da bütün istehlakçılara mənfi təsir göstərəcək və qiymətlər bahalaşacaq:
"Buna baxmayaraq, devalvasiyanın ölkədə qeyri-neft ixrac sektorunun formalaşması üçün zəruri olduğunu düşünürəm. Çünki dolların məzənnəsinin sabit saxlamaq qeyri-neft sektoruna pis təsir göstərir. Həmçinin, bu gərginlik üzən məzənnəyə keçməklə aradan qaldırıla bilər.
Məncə, iqtisadiyyatı sağlam əsaslara gətirmək üçün Mərkəzi Bank öncə dolların məzənnəsini yüksəltməli, sonra isə üzən məzənnə rejiminə keçməlidir. Yəni təəssüf ki, öncə devalvasiya olmalıdır".
Pərviz