Bu taksilərin fəaliyyəti qadağan ediləcək - AÇIQLAMA

İQTİSADİYYAT
18:25 / 11.03.2024
492

Bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Bakıya 20 min taksinin kifayət etdiyini bildirib. O, həmçinin taksi sayının yaydan bəri 67 mindən 60 minə azaldıldığını qeyd edib. Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə Bakıda taksilərin sayının digər ölkələrdə olan saydan 4 dəfə çox olduğunu vurğulayıb. Görünən odur ki, taksilərin sayının getdikcə daha da azaldılması prirotitet məsələlərdəndir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında  deyir ki, qeyd olunan 60 min taksinin ən azı 50%-i bu sahədə fəaliyyət göstərməyə uyğun deyil.

Onun sözlərinə görə, müəyyən xəstəlikləri, problemləri olan, eləcə də yaşı 21-dən və sürücülük təcrübəsi 2 ildən az olan insanlar taksi fəaliyyəti ilə məşğul olmamalıdır:

"Bundan əlavə, avtomobillərə olan tələblər çox vaxt yerinə yetirilmir. Onların əksəriyyəti nasaz, yararsız vəziyyətdədir və taksi fəaliyyətinə uyğun gəlməyən nəqliyyat vasitələridir. Ona görə də taksilərin sayının azalmasına ehtiyac var. Yəni burada meyarlara cavab verməyən taksi sürücüləri və taksi fəaliyyətində istifadə olunan avtomobillərin kənarlaşdırılması nəzərdə tutulur. Həmçinin avtomobillərin rəngi, seqmenti,onun sazlığı məsələsinə də ayrıca diqqət edilməlidir".

Ekspert həmçinin AYNA-nın artıq bir müddətdir taksi sürücüləri üçün xüsusi kurslar təşkil etdiyini xatırladıb. O bildirib ki, sürücülər mütləq həmin kurslardan keçməli, onların səhhəti, sürücülük təcrübəsi, eləcə də avtomobili meyarlara cavab verməlidir. 

E.Cəfərov söyləyib ki, peşəkar taksi sürücüləri bugünkü meyarlara cavab verən avtomobilləri ilə fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər: "Taksi fəaliyyətində istismar olunan avtomobillərin istehsal ilinin də rolu olacaq. Hesab edirəm ki, köhnə, məsələn 30 ilin avtomobilləri artıq taksi fəaliyyətində istismar olunmayacaq və olunmamalıdır. Ümumiyyətlə, taksi bu gün vətəndaşlarımız üçün təhlükəsiz və keyfiyyətli olmalıdır".

0