Bu gün dünyada bitkoinin (BTC) dəyəri rekord həddə çatıb. Kriptovalyutanın qiymətinin bundan sonra da artacağı və yeni rekorda imza atacağı proqnozlaşdırılır.
"Crypto Consulting" MMC-nin direktoru, UNEC-in Biznes Məktəbinin müəllimi Elnur Quliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda kriptovalyutalara olan maraqdan danışıb.
O söyləyib ki, ölkədə bu valyutaya kifayət qədər maraq var, amma kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır:
"Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadəsi mümkündür. Lakin ölkəmizdə ödəniş vasitəsi kimi alternativ metodların olması, təbii ki, müsbət faktor olardı. Çünki bu, bir ödəniş mədəniyyəti və texnoloji yenilikdir. Hansı ki, iqtisadiyyatın şəffaflaşdılıması üçün yeni mərhələdir. Nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib və ödəniş metodları texniki baxımdan iqtisadi subyektlər arasında inteqrasiya edilməyəcəksə, ümumilikdə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafı sual altında olacaq".
Qeyd edək ki, bu gün səhər saatlarında bitkoinin dəyəri 71,299 min dollara çatıb. Bakı vaxtı ilə saat 15.50-də isə bitkoinin qiyməti 72,226 min dollara yüksəlib. Ekspert Elnur Quliyev bitkoinin 80.000 dollara qədər bahalaşacağının müşahidə edildiyini söyləyib.